Salam, dostlar. Bu gün sayca 12-ci yazımı Sizlərlə paylaşıram. Bugünkü yazımın mövzusu Uzunmüddətli maddi aktivlərin uçotu ilə əlaqədar 3 doğru bilinən yanlışlara həsr olunacaq. Bu yazı uzun yazılarımızdan biri olacaq. Öncədən zaman ayırıb oxuduğunuz üçün təşəkkür edirəm. Elə isə zaman itirmədən mövzuya keçid alaq…
Qeyd 1! Bir çox məsələyə ilk öncə skeptik (şübhəci) yanaşıb (hətta öz arqumentlərimə belə) daha sonra onların üzərində düşünüb təkmilləşdirməyə çalışıram. Bu baxımdan doğru bildiyimiz yanlışlar olaraq adlandırdığım ifadədən mən də kənar deyiləm. Bilmədiyim çox məsələ var deyib yazıya davam edim…
Bu yazımın motivasiya qaynağı müzakirələr zamanı rastlaşdığım və səbrlə dinlədiyim arqumentlər olmuşdur. Bütün yazım boyunca vurğulayacağım məsələləri ümumiləşdirmiş olsam (induction method) – belə düşünülür ki, Uzunmüddətli maddi aktivlərin uçotunu tənzimləyən sadəcə 1 standart – IAS 16 Property,Plant and Equipment mövcuddur və bu uzunmüddətli maddi aktivlər yalnızca aşağıdakı 2 metodla dəyərləndirilir:
- İlkin dəyər metodu (cost model)
- Yenidənqiymətləndirmə metodu (revaluation model)
Yuxarıda bacardığım qədər ümumiləşdirməyə (induction method) çalışdığım fikri hissələrə bölərək (deduction method) izah etməyə çalışacam.
#Mif1. Bütün Uzunmüddətli Maddi Aktivlər (Non-Current Tangible Assets) IAS 16-ya əsasən uçota alınır.
Bu fikrin yanlış olmasını əsaslandırmağa çalışaq. İlk öncə onu vurğulamaq istərdim ki, hər hansı IFRS-i tətbiq etməzdən öncə bilməli olduğumuz 2 önəmli məsələ var:
a)Rastlaşmış olduğumuz mühasibatlıq (və ya maliyyə) situasiyası konkret olaraq hansı IFRS-in mövzusudur və bu IFRS-in mövzusu olduğunu necə əsaslandırırıq?
b)Əgər rastlaşdığımız situasiyaya aid konkret IFRS mövcud deyilsə,bu zaman bu məsələ necə tənzimlənəcək və nəyi tətbiq edəcəyik?
Qeyd 2! 2-ci variant üzərində dayanmayacam (çox uzun təhlillər lazımdır) və mövzunu 1-ci (a) variant üzərindən izah etməyə çalışacam.
Bu yazmış olduğum 2 məqam bütün IFRS-lər üçün keçərlidir. Hər hansı mühasibatlıq hadisəsinin və ya elementinin hansı standarta (IFRS) aid olmasını bilmək üçün ilk öncə doğru təsnifatlaşdırma (classification) etməmiz lazımdır. Əgər bunu doğru edə bilməsək,hansı standartı tətbiq edəcəyəmizdən əmin ola bilməyəcəyik. Gəlin bunu bir nümunə üzərindən izah edim…
#Təsəvvür edin ki, çox rastlaşdığımız bir maliyyə elementi (financial element) ilə bağlı aşağıdakı sualla rastlaşmışıq.
Qeyd 3! Heç şübhəm yoxdur ki,bunu hər kəs bilir,amma mən yenə də xatırlatma edim. Maliyyə elementləri (financial elements) dediyimiz zaman aşağıdakılar nəzərdə tutulur:
a) aktivlər (assets)
b) öhdəliklər (liabilities)
c) kapital (equity)
d) gəlir (income)
e) xərc (expense)
f) dividend (drawing or dividend)
İndi isə qayıdaq sualımıza…
#Sual → Debitor borclar (trade receivables) və debitor borclarla bağlı ümidsiz (irrecoverable debts) və ya şübhəli (doubtful debts) borcların uçotunu hansı IFRS-ə əsasən təyin edəcəyik?
Yuxarıda da qeyd etdiyim ki, ilk öncə doğru təsnifatı (classification) müəyyən etməliyik ki,bu suala cavab verə bilək. Bunun üçün debitor borclarla bağlı aşağıdakı suallara cavab tapmalıyıq:
a) Debitor borc hansı maliyyə elementidir? → Yuxarıda Qeyd 3-də maliyyə elementlərini vurğulamışdım. Hamımız bilirik ki,debitor borc aktiv (asset)-dir. Bunun niyə aktiv olmasını da əsaslandırmalıyıq . Amma çox uzun olmasın deyə bunu əsaslandırdığımızı varsayıram.
b) Debitor borc görəsən monetar aktivdir (monetary asset) yoxsa qeyri-monetar aktivdir (non-monetary asset)? → Debitor borcun aktiv olduğunu müəyyən etdikdən sonra bu sualla məsələni yekunlaşdıracam. Sualları çox uzada bilərəm,amma bu 2 sual bizə kifayət edir ki,biz hansı IFRS-i tətbiq edəcəyimizi bilək. Bütün məsələ də buna dayanır əslində. Həmin mühasibat elementinin hansı IFRS-ə aid olmasını müəyyən edənə qədər doğru sualları verə bilməliyik. Bilirəm bəlkə də zamanınız alıb Sizi yoruram. Amma məsələni tam izah edə bilmək üçün bu üslubu ən doğru addım hesab edirəm. Bu sualın cavabı ilə bu məsələni yekunlaşdırıb əsas mövzunu davam edəcəm…
Monetar aktivlər (monetary assets) o aktivlər hesab edilir ki, həmin aktivlərin qarşılığında bizə pul gələcəyi gözlənilir. Məsələn, debitor borc – bizə pul gələcək, istiqraz – pul gəlişi (əsas məbləğ+faiz) gözlənilir, kredit – pul gəlişi (əsas məbləğ+faiz) gözlənilir. Siyahıya daha mürəkkəb(nümunə → convertible loan notes – compound instrument-ə nümunədir) maliyyə instrumentləri (financial instruments) əlavə edə bilərəm,amma məsələni mürəkkəbləşdirmək istəmirəm. Əsas məğzi çatdırmağa çalışdım… Deməli müəyyən etdik ki, debitor borc monetar aktivdir.
Amma ödənilən avans monetar aktiv deyil,çünki biz ödənilən avansın qarşılığında pul yox mal və ya xidmət almağı gözləyirik. Ümid edirəm bu izahlar kifayət qədər yetərlidir…
Qeyd 4! Deyə bilərsiz ki,monetar aktiv və qeyri-monetar aktivləri bölməyə nə gərək var ki? Amma praktikada çox zaman görürəm ki,bəzən müəssisələr kurs fərqindən gəlir və ya zərər hesablayarkən yanlışlıqlar edirlər. Çünki səhvən monetar olmayan aktivlərə də kurs fərqi hesablayırlar və IAS 21 Foreign Currency Translation tələbini pozurlar,amma mövzumuz bu deyil deyə çox üzərində dayanmayacam… Nə zamansa məzənnə fərqləri ilə bağlı da məqalə yazacağımı düşünürəm…
Deməli biz müəyyən etdik ki, debitor borc monetar aktivdir. Biz IFRS-lərə baxsaq görəcəyik ki,IFRS 9 – Financial Instruments monetar aktivlərlə bağlı məsələləri tənzimləyir. Yəni debitor borclar IFRS 9-la tənzimlənməlidir.
Bütün bunlardan o nəticəyə gəlirik ki, hər hansı uçot elementinin doğru təsnifatını bilmədən hansı standartı tətbiq edəcəyimizi bilməyəcəyik…
İndi isə qayıdaq öz mövzumuza…
Yuxarıda qeyd etmişdim ki, uzunmüddətli maddi aktivlər yalnız IAS 16 standartı ilə tənzimlənmir. Burada digər standartlar da var. Amma məsələ ondan ibarətdir ki, hansı standartı seçib tətbiq edəcəyimiz bir neçə dəfə vurğuladığım və debitor borc üzərindən izah etməyə çalışdığım doğru təsnifatlaşdırmadan (classification) asılıdır.
Uzunmüddətli maddi aktiv kimi təsəvvür etdiyimiz aktivlər aşağıdakı 5 standart-a əsasən tənzimlənə bilər. Əsas məsələ doğru təsnifatdır! Həmin standartları aşağıda qeyd edirəm.
- IAS 16 -Property,Plant and Equipment
- IAS 40 – Investment Property
- IAS 2 – Inventory (bəlkə təəccüblü gəldi )
- IAS 41 – Agriculture
- IFRS 5 – Non-current assets held for sale and discontined operations
Bu standartların hər biri ayrı bir mövzu olduğu üçün bunları detallı şəkildə izah etməyim müşkül məsələdir. Amma bu qədər yazmış olduğum yazı ilə bağlı ən azı 2 nümunə vermək istəyirəm ki, nə demək istədiyim başadüşülən olsun…
#Nümunə1. Delfin (balıq növü) hansı standarta əsasən tənzimlənəcək?
İlk baxışdan deyə bilərsiz ki,bu sadə bir məsələdir və delfinlər bioloji aktiv olduğu üçün IAS 41-i tətbiq edəcəyik. Amma yenə də qayıdırıq doğru təsnifatlaşdırmağa. Əgər bu delfinləri böyüdüb onların balalarını satış məqsədi ilə istifadə edəcəyiksə, bu bioloji aktiv sayılır və bu halda IAS 41-i tətbiq edə bilərik. Yox əgər,sirkdə göstəriş üçün nümayiş etdirilib gəlir əldə edilirsə,bu zaman IAS 16 tətbiq ediləcək… Çox detala getməyib növbəti nümunəyə keçid alıram…
#Nümunə2. İcarəyə verdiyimiz TTA hansı standartla tənzimlənir?
Yenə də qayıdırıq doğru təsnifatlaşdırmaya. IAS 16-ya baxsaq görərik ki, orada 3 halda uzunmüddətli maddi aktivlər bu standartla tənzimlənir. Bunlardan biri də icarə (rent)-dir. Yəni biz TTA-nı qarşı tərəfə icarəyə vermişiksə, IAS 16-nı tətbiq etməliyik. Amma tələsməyək… IAS 40 Investment Property standartına baxsaq görərik ki, burada 2 halda uzunmüddətli maddi aktivlər bu standartla tənzimlənir. Onlardan biri də icarədir. Biraz təəccüblü gəldi,elə deyilmi?… Yenə də bütün məsələ doğru təsnifatlaşdırmadan asılıdır. Bu təsnifatlaşdırmanı doğru etməsək hansı standartı seçəcəyimizi bilməyəcəyik… Yəni icarə hər 2 standartda da mövcuddur,hansı standartı seçəcəyimiz doğru təsnifatdan asılıdır…
Nümunələri çox uzada bilərəm və digər standartlara aid də çoxlu misallar göstərə bilərəm,amma düşünürəm ki,nə demək istədiyim aydındır…
#Mif2. Uzunmüddətli maddi aktivlər yalnızca 2 metodla dəyərləndirilir.
Bu mövzuya qısa olaraq toxunacam. Bəzən hesab edilir ki, uzunmüddətli maddi aktivlər aşağıdakı 2 metod-dan biri ilə dəyərləndirilir:
a) İlkin dəyər metodu (cost model)
b) Yenidənqiymətləndirmə metodu (revaluation model)
Amma 3-cü metod unudulur. Bu metod Fair value metodu adlanır. Deyə bilərsiz ki,axı bu metod IAS 16-da qeyd edilməmişdir. Doğrudur,bu metod IAS 16-da yoxdur. Amma biz yuxarıda qeyd etmişdik ki,uzunmüddətli maddi aktivlər təkcə IAS 16 standartı ilə tənzimlənmir. Digər standartlar da mövcuddur və sadəcə doğru təsnifatı müəyyən etməliyik… Nə demək istədiyimi standarta əsaslanıb qeyd edim…
IAS 41 -Agriculture (kənd təsərrüfatı) standartına nəzər yetirsək görəcəyik orada bizdən 2 metoddan biri tələb olunur. Bu metodlar aşağıdakılardır:
a) Cost model
b) Fair value model
Fikir verdizsə, burada da cost model mövcuddur,amma 2ci metod IAS 16 da mövcud olan revaluation metod deyil. Bu izah bizi 3-cü mif-ə aparacaq.Bəzən elə başa düşülür ki, Fair Value modeli ilə Revaluation modeli eynidir. Bu yazımı burada dayandırıb 3-cü mifə keçid alıb bunu biraz geniş izah edək.
#Mif3. Fair value metodu ilə Revaluation metodu eynidir.
Yuxrıda da qeyd etdiyim kimi,bu metodlar bəzən eyniləşdirilir. Bu metodların uçotunun dərinliyi ilə bağlı danışmaq niyyətində deyiləm, amma fundamental fərqləri izah etməliyəm ki,yazmış olduğum yazının bir faydası olsun… Zaman itirmədən əsas fərqləri qeyd edim.
- Fair value modelinin ayrıca bir standartı mövcuddur. Bu standart IFRS 13 adlanır. Əgər biz IAS 41-i tətbiq edib Fair Value modelini seçiriksə, o zaman biz IFRS 13-ün bizə göstərdiyi Fair Value modelinin izahını bilməliyik. Amma revaluation modelinin ayrica bir standarti yoxdur.
- Hər iki modeldə yenidənqiymətləndirmə (yəni bazar dəyərinə əsaslanma var),amma iş burasındadır ki, Fair Value modeli hər il sonu tətbiq edilməlidir və əgər dəyərdən düşmə və ya dəyərdə artma varsa həm dəyərdən düşmə kimi zərər, həm də dəyərdə artım kimi qazanc (gain) mənfəət və zərər hesabatında tanınanacq. Amma revaluation modeldə hər il sonu dəyərləndirməyə ehtiyac yoxdur. Əgər aktivin qalıq dəyəri ilə bazar dəyəri arasında əhəmiyyətli fərq yoxdursa bu zaman yenidənqiymətləndirməyə ehtiyac duyulmur. Əgər əhəmiyyətli dəyişiklik varsa o zaman dəyərdə azalma mənfəət və zərər hesabatında əks olunacaq, dəyərdə artım isə mənfəət və zərər hesabatında əks etdirilə bilinməz. Bu Digər Müfəssəl Gəlir (Other Comprehensive Income) hesabatında əks etdiriləcək . Bunun səbəbini növbəti yazılarda izah etməyə çalşacam…
- Revaluation model seçdiyimiz zaman amortizasiya (depreciation) yenə də hesablanacaq,amma Fair Value modelində amortizasiya tətbiq edilmir. Bunun da səbəbini növbəti yazılarda izah etməyə çalışacam…
Yazının uzun olduğunu bilirəm, amma faydalı olacağını ümid edib burada yazını dayandırıram. Növbəti yazımızda görüşmək ümidi ilə…
Müşviq Bayramzadə.