Salam,dostlar. Öncədən onu qeyd edim ki, uzun yazı ola bilər. Uzun yazı bəzən kiməsə yorucu gələ bilər,amma mən özüm üçün müəyyən prinsiplərlə hərəkət edib hamının marağını nəzərə alıb yazı yazmağı doğru hesab edirəm ki, fayda yarada bilim.
Elə isə başlayaq…
Bu yazımın əslində bir hekayəsi var. Paşa Bankda bir müddət çalışdıqdan sonra tikinti şirkətində Maliyyə direktoru olaraq (CFO) karyeramı davam etdirmək qərarına gəldim. İşlədiyim şirkətdə İtalyan və İspan şirkətlərinin subpodratçısı olaraq sənayə əhəmiyyətli binaların tikintisi ilə məşğul idik. Məlum məsələdir ki, bu xarici şirkətlərin audit işlərini Big Four şirkətləri icra edir. İtalyan şirkətini audit edən Big Four-lardan biri bizim şirkətə mail ünvanlandı. Mailin məzmunu bizim şirkətə İtalyan şirkətinin hansı məbləğdə vəsait borclu olduğunun qarşılıqlı yoxlanılması (cross-checking) idi. Yəni bizim debitor borc ( trade receivables) olaraq göstərdiyimiz məbləğlə,İtalyan şirkətinin göstərmiş olduqları kreditor borcun (trade payables) üst-üstə düşüb düşmədiyindən əmin olmaq istəyirdilər. Deyə bilərsiz ki, bu əslində sadə bir şeydir,mürəkkəb olan nədir ki burada?!
Hər hansı sektorda (məsələn FMCG) sadə görünən bir məsələ digər sektorda biraz daha mürəkkəb ola bilər. Əvvəlki yazılarımda IFRS 15-Revenue from contracts with customers barəsində yazanda vurğulamışdım ki, tikinti sektorunda gəlirlərin tanınması biraz fərqlidir.
Bəs ümumiyyətlə gəlirlər necə tanınır?
Mən burada gəlriin tanınmasının 5 mərhələsi (5 Step Model) barəsində danışmaq istəmirəm. Amma bütün halları ümumiləşdirib qeyd edə bilərəm ki, gəlirlərin tanınması üçün müqavilədə nəzərdə tutulan mal və ya xidməti qarşı tərəfə ötürdüyümüz halda öz öhdəliklərimizi icra etmiş sayılırıq. Və bu zaman gəlir tanıyırıq. Amma məhsul satışı ilə tikinti işlərinin xarakteri fərqlidir deyə tikintidə məsələ bu qədər bəsit deyil. Bir az nəzəriyyəyə gedib IFRS 15-də işləri 2 qrupa böləcəm:
- Hər hansı konkret zamanda icra edilən iş. (Revenue generated at a point in time). Bu adətən məhsul (goods) satışı etdiyimiz zaman baş verir. Yəni biz məhsulu satırıq və qarşı tərəf malı qəbul edir və biz gəliri tanıyırıq. Yəni hadisə konkret bir zamanda baş verdi. Bu zaman gəlirin uçotu biraz rahat olur. Çünki satılan məhsulun maya dəyəri və gəliri eyni periodda uçota almaq rahatdır.
- Hər hansı zaman diopazonu ərzində icra edilən iş. (Revenue generated over a period of time). Tikinti işi buna bir nümunədir. Çünki biz tikinti işini zaman periodu ərzində təhvil veririk. İndi məsələ buarsındadır ki, bəs biz burada gəlirləri necə tanıyaq? Yuxarıdakı1-ci nümunədə məhsul təhvil verdiyimiz zaman bilirik ki, bu məhsulu satdığımız zaman konkret bir zamanda, satışın icra edildiyi zamanda gəliri tanıyırq. Bəs tikinti sektorunda bunu necə edək?!
Bu hissəyə qədər yazımın niyyəti ümumi istiqaməti müəyyən edib yuxarıdakı audit məsələsi ilə əlaqələndirməkdir. Davam edək…
Tikinti işində işləyənlər bilir ki,hər hansı layihə icra etməzdən öncə layihənin smetası hazırlanır. Bu smetada bu işi tamamlamaq üçün çəkəcəyimiz bütün xərcləri hesablayırıq. Nə qədər zaman apardığını təxmin edin. Çünki bu smetada təkcə layihədə istifadə ediləcək materialların dəyəri hesablanmır. Burada işçinin əmək haqqı xərcindən tutmuş layihə ilə bağlı yaranacaq bank qarantiya xərcləri də daxil nəzərə alınmalıdır. Qısacası təsəvvür edin ki, Mənfəət və Zərər hesabatını sonradan yox öncədən hazırlamalısınız.
Yuxarıda qeyd etdiyim smeta sözünə beynəlxalq praktikada BOQ (Bill of Quantities) adı verilir. Fərqli bir şey deyil,sadəcə hazırlanma metodologiyası bir az fərqlidir. Əsas mövzunu davam etdirim…Tikinti işlərində gəlirlərin tanınmasının 2 metodu var:
- Input method
- Output method
Input metod haqqında danışmayacam. Praktikada daha çox output method istifadə edildiyi üçün bu metod üzərindən davam edək. Bu metodda nə iş görülür? Deməli biz smeta (BOQ) hazırlayandan sonra icra edəcəyimiz işin qiymətini formalaşdırıb qarşı tərəflə müqavilə imzalayırıq. Müqavilə qiyməti formalaşdıqdan sora başlayırıq işin icrasına. Bayaq vurğuladığım smetanın (BOQ) hazırlanma səbəbi o idi ki, biz işi icra etdikcə müəyyən period ərzində, deyək ki hər ay sonu Podratçı ilə bir araya gəlirik və görülən işlərin dəyərinin nə qədər olduğunu hesablamalıyıq. Yəni hər ay sonu mən podratçıya deməliyəm ki, 1 ay ərzində görülən işlərə nə qədər borcun yaranıb. Bunu ölçmək üçün smeta qiyməti (amma burada diqqətli olmaq lazımdır, söhbət satış smetasından gedir) hər iki tərəfdə olur və baxırlar ki, məsələn 1 ton armatur işlənib, 2 kub metr beton işlənib və bunun qiyməti nə qədər edir. Bunu razılaşdıqdan sonra podratçıya Forma-2 təqdim edilir. Beynəlxalq praktikada buna PPC (Progress Payment Certificate) deyilir. Debitor borc və müqavilə aktivi söhbəti ( trade receivables and contract assets) elə burada ortaya çıxır. SƏBƏB?
Biz Forma-2 ni (PPC) podratçıya verdikdən dərhal sonra invoys göndərə bilmirik. Çünki qarşı tərəfin o PPC-ləri araşdırıb imzalaması üçün orta hesabla 10-15 gün zaman keçir. Bizim praktikada isə həmin PPC-ləri mütləq İtalyada imzalamalı idilər. Baxmayaraq ki, İtalyan şirkətinin Azərbaycanda daimi nümayəndəliyi var idi. Amma yekun imza Romada olurdu. Bütün bunları izah etdikdən sonra artıq əsas məsələyə keçid ala bilərəm.
Bunu bir sxem üzərindən izah edəcəm. Deyək ki, biz qarşı tərəfə $100,000 dəyərində 16 Dekabr 2020 tarixində Forma-2 göndərmişik. Amma bayaq da qeyd etdiyim ki, bu hələ imzalanmadığı üçün biz invoys yaza bilmərik. Bu o deməkdirmi ki, qarşı tərəfin bizə borcu yoxdur və hələ gəlir qazanmamışıq?
Xeyr, bu o anlama gəlmir. Biz gəliri qazanmışıq, amma hələ ki, debitor borc (trade receivables) formalaşmayıb. Debitor borc o deməkdir ki, bizim qarşı tərəfdən pul alma hüququmuz var. Amma invoys olmadığına görə bizim hələ ki, belə hüququmuz yoxdur. Ona görə də IFRS 15 burada fərqli termin işlədir, buna müqavilə aktivi (contract assets) adı verir. Yuxarıdakı əməliyyatın 16 dekabr tarixinə uçotu aşağıdakı kimi olacaq:
Dr contract asset (müqavilə aktivi) – $100,000
Cr revenue(gəlir) – $100,000
Deyək ki, PPC 2021–ci ilin 5 yanvarında təqdiqlənib bizə göndərilir. Artıq biz $100,000 dəyərində invoys göndərə bilərik. Bu anda artıq debitor borc (trade receivables) yaranmış olur. Bunun uçotu isə aşağıdakı kimi olacaq:
Dr debitor borc (trade receivables) – $ 100,000
Cr contract asset – $100,000
Yəni artıq Contract asset ləğv edilir və bizim debitor borcumuz yaranmış olur.
Bütün bunlardan o nəticə alınır ki, Auditor bizə sənəd göndərəndə qeyd edir ki, (bizim yuxarıdakı misalı nümunə versəm) 31 dekabr 2020 tarixinə debitor borc (trade receivables) nə qədərdir? Baxmayaraq ki, biz işi görüb Forma-2 (PPC) göndərmişik. Amma biz debitor borcu sıfır olaraq göstərməliyik. Çünki debitor borc 2021-ci ildə yaranmışdır.
Əlimdən gəldiyi qədər, qısa və aydın yazmağa çalışdım. Faydalı olması diləyi ilə…
Müşviq Bayramzadə.