Salam, dostlar!
Bu gün artıq Sizlərlə 13-cü yazımı paylaşıram. Bu yazım biraz fərqli formatda olacaq. İndiyə qədər paylaşmış olduğum yazılar IFRS və onun müəyyən situasiyalarda tətbiqi ilə bağlı olmuşdur. Ümid edirəm ki, bu müddət ərzində az da olsa bir faydam dəydi. Hər hansı bir yazı paylaşmazdan öncə mövzu üzərində çox diqqət və ən əsası böyük məsuliyyətlə düşünürəm ki, maksimum dərəcədə effektiv bir yazı alınsın. Bilmirəm bunu nə qədər bacarmışam, amma əlimdən gəldiyi qədər ən yaxşıyı etməyə çalışdığımdan əmin ola bilərsiz. Amma bu günkü yazımın mövzusu IFRS ilə bağlı deyil. Və çalışacam ki,bu yazım lakonik olsun…
Bəs bu gün Sizlərlə nəyi paylaşacam? – bu gün Sizlərlə öz karyera istiqamətində olan dəyişikliyi və bunun səbəbini paylaşacam… Elə isə zaman itirmədən mətləbə keçid alım.
Üzərində uzun müddət düşünərək vermiş olduğum qərarı və bu qərarın səbəbini bir nümunə üzərindən izah etməyə çalışacam ki, yazım faydalı olsun. Mənim özüm üçün müəyyənləşdirdiyim bir prinsip var ki, əgər kiçik də olsa bir məlumat paylaşılırsa bu az da olsa fayda yaratmalıdır. Çünki oxucular dəyərli bir resurlarını – zamanlarını istifadə edirlər və bu zaman bir daha geri gəlməyəcək. O baxımdan o zamana hörmət etməli olduğum düşüncəsindəyəm…
Bundan sonrakı karyeramı Paşa Holding-in Strateji İdarəetmə (Strategic Management) departamentində davam etdirəcəm. Mən əvvəl Paşa Bankda Korporativ Kreditlərin Təhlili Departamentində çalışdığım üçün Paşa Holdingdə də hansı korporativ mühitdə işləyəcəyimi bilirəm. Niyyətim iş yeri haqqında danışmaq deyil. Əsas niyyətim niyə Strateji İdarəetmə istiqamətinə yönəlməyimi izah etməyə çalışmaqdır…
Karyerama başladığım gündən indiyə qədər maliyyə sektorunda çalışdım və daha çox rəqəmlər və o rəqəmlərin şərhlərini (hesabatlar və onların təhlili) top menecment-ə çatdırıb, maliyyə modelləri hazırlamaqla məşğul olmuşam. Yəni qısa olaraq desəm Maliyyə informasiyalarının yaradılmasından başlayaraq, o məlumatların emal edilib qərar vermə üçün əhəmiyyətli formaya gətirilməsinə qədər proseslərdən keçmişəm. Çox detala getmək istəmirəm, amma bir şeyi vurğulayım ki, istənilən biznesdə 2 önəmli idarəetmə var:
• Biznes proseslərinin və ya əməliyyatlarının idarə edilməsi (Operational Management)
• Maliyyə idarəetməsi (Financial Management)
Maliyyə sektorunda top management vəzifəsi Maliyyə Direktoru (CFO – Chief Financial Officer) hesab edilir ki, bu vəzifədə təxminən 2 ilə yaxın çalışmışam. Amma hər zaman işin 1-ci tərəfini çox önəmsəmişəm. Yəni , Biznes proseslərinin və ya əməliyyatlarının idarə edilməsi (Operationl management) mənim üçün hər zaman önəmli olub. Səbəb ondan ibarətdir ki, baxmayaraq ki,1-ci və 2-ci idarəetmənin birgə kombinasiyası şirkətin uğur qazanması üçün çox önəmli faktordur. Amma məsələ burasındadır ki, maliyyə nəticələrindən və maliyyə idarəetməsindən (burada təkcə hesabatlar hazırlamaqdan söhbət getmir – əsas məsələ önəmli maliyyə qərarları verə bilməkdən gedir) öncə şirkət iş (operation) görməlidir. Ən önəmlisi də odur ki, bu işlərin (operations) doğru şəkildə görülməsi önəmlidir. Əks halda maliyyə nəticələri onsuzda pis olacaq. Ona görə də,heç təəccüblü deyil ki, bəzi şirkətlərdə Biznes Proseslərinin İdarəedilməsi üzrə Menecer (Operation Manager) olur. Bu menecer mütləq həmin biznesi çox yaxşı bilməlidir. Qısacası, əgər şirkət biznes proseslərini doğru şəkildə idarəetmədə müvəffəqiyyətsizliyə uğrasa Maliyyə İdarəetməsi (Financial Management) mənasızlaşır.
Yuxarıda yazmış olduğum izah ilə karyeramda etdiyim dəyişikliyin səbəbini əsaslandırmağa çalışacam…
Tikinti şirktətində CFO olaraq çalışdığım zaman qərarları daha çox maliyyə nəticələri üzərindən verirdim. Çünki operation management tərəfdən qərar verici tərəf başqası idi. Amma hər zaman düşünürdüm ki, bu 2-nin (həm maliyyə idarəetməsinin həm də biznes proseslərinin idarəedilməsinin) bir kombinasiyasını edə biləcəyim bir post-da olsam görəsən nələr dəyişər? Təbii ki, məsuliyyətli bir məsələdir amma bu məsuliyyətə və onun gətirəcəyi zövqə dəyər. Səbəbin böyük bir qismi xarakterimlə bağlıdır. Mən öyrənməyi çox sevirəm, hətta öz işçim olsa belə ondan öyrənməyə belə çəkinmərəm (eqo-nu sevmirəm, çünki öyrənməyə mane olan bir faktordur)…
Bütün yuxarıda yazıb izah etməyə çalışdığım məsələ məni yeni karyera dəyişikliyi etmə qərarını verməyimə səbəb oldu. Hələ düşünəndə ki,bu Paşa Holding-dir o zaman məni çox zaman sərf edib öyrənmə və böyük məsuliyyət gözləyir. Doğru təxmin edirsiz,yuxarıda yazdığım operation management və financial management-i birləşdirən bir yerə getmə qərarı aldım. → Strategic Management
Yuxarıda vurğulamışdım ki,bir nümunə də Sizlərlə paylaşım ki, bəlkə kiminsə yeni bir şey öyrənməsinə dəstək olmuş olaram. Mənə sual olsa ki, maliyyə sektorunda bir çox terminlərlə (4 main financial statements and accompanying notes, Gross Profit, SGNA, leverage buy-out və s.) tanışıq və nə iş görəcəyimizi aşağı-yuxarı bilirik. Bəs Strategic Management-lə bağlı bir termin haqqında danışsaq hansı termini seçərdim?… Burada da fərqli analizlər olsa da bir az düşündükdən sonra aşağıdakı termini seçərdim:
Balanced Scorecard.
Bunu izah etməzdən öncə Sizə kiçik bir şey deyim. Hər zaman çalışmışam ki, nə isə izah etməyə çalışanda qarşımdakının 10 yaşlı (rəqəmə fokuslanmayın) biri olduğunu düşünüb özümə sual verəm ki, görəsən mən bunu ona izah edə bilərəmmi? Əgər bunu bacarmıramsa,demək ki,o mövzunu özüm də yaxşı bilmirəm. Qısacası bir şeyi mürəkkəb danışanda bilirəm ki, o mövzunu özüm də yaxşı bilmirəm Bir şeyi ən sadə şəkildə izah etmə vərdişini uzun müddət özümdə formalaşdırmağa çalışmışam.
Balanced Scorecard-ın nə olduğu ilə bağlı araşdırma etsəz o qədər mürəkkəb strukturlar görəcəksiz ki, insan az qalır, vaz keçsin ki, yox bu mənlik deyil. Bunun nə olduğunu bir neçə cümlə ilə praktik tərəflərinə getmədən izah etməyə çalışacam…
Deməli bu nədirsə, nəyisə qiymətləndirir, ölçür (bal verir – score sözünə baxsaz ilkin olaraq bunu görə bilərsiz). Bəs nəyi ölçür? Nəyə qiymət verir? Bu performansı ölçür. Qısacası necə işləmisən, nə iş görmüsən onu ölçür və çox hallarda (əgər bu sistemi qura bilən şirkətlər varsa) direktor və menecerlərin sabit maaşdan əlavə aldıqları bonuslar buna bağlıdır.
Balanced Scorecard-da 4 fərqli istiqamətlə bağlı 3 fərqli perspektivdən dəyərləndirmə aparılır. Nə demək olduğunu izah edəcəm, amma ilk öncə 4 fərqli istiqamət nədir onları yazaq:
• Maliyyə (Finance)
• Müştərilər (Customers)
• Daxili proseslər (İnterim Processes)
• Kadrlarla bağlı öyrənmə və inkişaf (learning and skill growth on staff)
Bəs 3 fərqli perspektivdən qiymətləndirmə nədir:
• Məqsəd (goal)
• Fəaliyyət (action)
• Nəticə, göstərici (indicators)
Yəni ki, bizim yuxarıda yazdığımız 4 fərqli istiqaməti 3 fərqli perspektivdən dəyərləndiririk. Nə demək istədiyimi,yuxarıdakı istiqamətlərdən birin seçib izah edim. Deyək ki, maliyyə istiqamətini dəyərləndiririk. Bu zaman 3 fərqli perspektivin 1-cisinə baxanda deyirik ki, maliyyə istiqamətində məqsədimiz (goal) nədir? – Bu suala cavab tapmağa çalışırıq ilk öncə. Şirkətlər üzrə məqsədlər fərqli ola bilər. Deyək ki bizdə cəmi 3 məqsəd var, məsələn → Satış həcmimiz 20% artmalıdır (1), Əmək haqqı fondu ümumi xərclərin 18%-ni keçməməlidir (2), Əməliyyat mənfəəti 30%-dən aşağı düşməməlidir (3). Bu nümunələri uzada və ya çətinləşdirə bilərəm amma əsas fikrin nə olduğu önəmlidir. Biz məqsədləri müəyyən etdikdən sonra, 2-ci perspektivə baxırıq ki, biz məqsədləri bildik bəs yaxşı bu məqsədlərə çatmaq üçün nə işlər görüldü? Başlayırıq bunları dəyərləndirməyə. Nəhayət son hissədə baxırıq ki, göstəricilər nə oldu? Məqsədlərə çatdıq ya yox? – Sadə səslənə bilinən bu modelin əslində hazırlanması çox çətin və zaman aparandır. Digər istiqamətlər də bu şəkildə dəyərləndirilir…Yazını çox uzatmayıb buradaca dayandırım…
Son olaraq onu deyim ki, ola bilsin bundan sonra zaman məhduduluğu üzündən yazı paylaşımlarım az olsun. Amma bacardığım qədər zaman olduqca IFRS ilə bağlı yazılara davam edəcəm… Faydalı olması diləyi ilə…
Müşviq Bayramzadə.