Amortizasiya hesablanması nə zaman başlanmalıdır?

Salam, dostlar!

Bu gün Sizlərlə sayca 14-cü yazımı paylaşıram. Bu yazımın da faydalı və anlaşılan olmasına çalışacam. Bu kiçik məqalədə “Uzunmüddətli maddi aktivlərə (Tangible non-current assets) amortizasiya (depreciation) hesablanmağa nə zaman başlanmalıdır? sualına cavab tapmağa çalışacağıq.

Bilirik ki, Maliyyə Hesabatları hazırlanan zaman hər bir maliyyə elementləri həm Conceptual Framework-ə, həm də IFRS-lərə əsaslanmalıdır. Uzunmüddətli maddi aktivləri (Tangible non-current assets) tənzimləyən standartlardan biri də IAS 16 Property, Plant and Equipment-dır. Məhz bununla əlaqəli amortizasiya hesablanmaları da bu standartın əsasında tənzimlənir. Bu yazımda amortizasiyanın növləri və onların hesablanma qaydaları haqqında danışmaq istəmirəm. Burada bütün bunları bildiyimizi varsayıb yuxarıda qeyd etmiş olduğum suala cavab tapmağa çalışacacağıq.

Elə isə başlayaq…

Mövzunun daha anlaşılan olması üçün yazımı bir neçə nümunə üzərindən izah etməyə çalışacam…

Nümunə

“Təsəvvür edin ki,audit şirkətində çalışırsız və böyük bir müəssisənin əsas vəsaitləri ilə bağlı tapşırıq sizə həvalə edilib. Bu zaman bir neçə suallar var ki, onlara cavab tapmalısız və onlardan biri də “Amortizasiya hesablanması nə zaman başlanmalıdır?” sualıdır. Müəssisədə əsas vəsaitlərin olduğu yerə baxdığınız zaman kənarda üstü parça ilə örtülmüş avadanlıq diqqətinizi çəkir. Bu zaman şirkət nümayəndəsi ilə sizin aranızda aşağıdakı dialoq yaranır:

 Siz: → Bu nədir?

+ Şirkət nümayəndəsi: → Bu şirkət tərəfindən alınmış yeni bir avadanlıqdır.

-Siz: → Bəs bu niyə buradadır?

+ Şirkət nümayəndəsi: → Çünki biz bunu hələ istifadəyə vermək (put into use) istəmirik.

Qeyd! Burada istifadəyə vermək kimi tərcümə etdiyim put into use ifadəsi çox önəmlidir. Çünki yazının növbəti hissəsində put into use və available for use ifadəsi arasında amortizasiya hesablanması nöqteyi-nəzərindən fərq olacaq. Hələ ki,bunu beynimizin bir tərəfində yadda saxlayaq 🙂

Şirkət nümayəndəsi ilə uzun müzakirələrdən sonra məlum olur ki, onlar istehsal prosesini inkişaf etdirmək üçün bu avadanlığı alıblar. Buna CAPEX – Capital Expenditure deyilir. Yəni şirkətin əsas vəsait alışına yönələn vəsaitinə biz CAPEX deyəcəyik. Bu avadanlığı aldıqdan sonra isə həmin avdanlığı 6 aydan sonra istifadə etməyə (put into use) başlamağı planlaşdırırlar.

Onlar bu avadanlığı amortizasiya hesablamamaq üçün anbarda saxlayıblar və avadanlığı istifadəyə verdikləri (Put into use) zaman, yəni 6 aydan sonra amortizasiya hesablamağa başlamaq istəyirlər.”

Yuxarıdakı nümunənin təhlili…

Yuxarıdakı nümunə artıq bizim nə haqqında danışacağımız barədə əminəm ki, bir təəssürat yaratmışdır. İndi isə yuxarıdakı nümunədə IAS 16-nın tələbinə əsasən amortizasiya nə zaman hesablanmalıdır sualına cavab tapaq.

IAS 16-ya baxdığımız zaman, amortizasiya hesablamağa başlama zamanı istifadəyə vermək (put into use) terminindən istifadə edilmədiyini görərik. IAS 16 paragraph 55-ə baxdığımız zaman orada qeyd edilir ki, aktivin amortizasiya hesablanması həmin aktivin istifadəyə hazır (available for use) olduğu zaman başlanılır. Qısacası amortizasiya hesablamağa başlamaq üçün həmin aktivin istifadəyə verilməsi (put into use) yox istifadəyə hazır olması (available for use) önəmlidir.

Bunu izah etdikdən sonra, gəlin bunun nə demək olduğuna və aralarındakı fərqlərə nəzər salaq. Yuxarıda qeyd etdiyim nümunədə avadanlıq istifadəyə hazır (available for use) idi. Və hər hansı əlavə quraşdırma işi tələb edilmirdi. Buna görə də həmin avadanlığın istifadəyə verilməsini (put into use) gözləməyə ehtiyac qalmır. Və standartın tələbinə görə amortizasiya hesablanması başlamalı idi. Yəni 6 ay sonranı gözləmək lazım deyildi.Mübahisə edə bilərsiz ki, bu avadanlıq faktiki istehsal yerində deyil, anbarda saxlanılır. Və amortizasiya hesablanması faktiki istehsal yerində olduğu zaman başlanmalıdır…

Standartda qeyd edilən istifadəyə verilmə (put into use) və istifadəyə hazır(available for use) arasında fərqləri başqa nümunələrdə də göstərməkdə fayda var:

Nümunə – İnvestisiya Mülkiyyəti

Düzdür, invesitisya mülkiyyəti IAS 40 Investment Property standartı ilə tənzimlənsə də burada da amortizasiya hesablanması var deyə bu nümunə üzərindən də izah verim:

Təsəvvür edin ki,icarəyə (kirayə) vermək üçün 1 yanvar 2021-ci ildə bir ev kompleksi alırsız. Fevral və Mart aylarında evin divarlarını boyadırsız.
Təmir işləri edirsiz və Mart ayının sonu ev artıq kirayə üçün hazır (available for use) vəziyyətə gəlir. Bundan sonra artıq evin kirayəyə verilməsi ilə bağlı elanlar paylaşırsız və ilk icarəçi İyun ayında evə köçür (put ito use)”

Bu nümunədə baxmayaraq ki, evin istifadəyə verilməsi (put into use) İyun ayıdır. Amma available for use tarixi Mart ayının sonu olduğu üçün amortizasiya hesablanması Mart ayının sonundan hesablanacaq. Təbii ki, burada diqqətli olmaq lazımdır ki, IAS 40-da 2 model – Cost and Fair Value – mövcuddur. Bu dediyim qayda ancaq Cost model-i tətbiq edildiyi zaman keçərlidir. Niyyətim amortizasiyanın başlanma tarixini izah etmək olduğu üçün bu 2 model arasında fərqlər nədir kimi mövzuya keçmək istəmirəm.

Bu nümunən də anlaşılan olduğuna ümid edib son bir nümunə ilə mövzunu tamamlayacam.

Xüsusi təyinatlı istehsal avadanlığı

Təsəvvür edin ki, sizin şirkət şirniyyat istehsalı ilə məşğuldur və yeni bir istehsal xətti açmaq istəyir. Bu istehsal xətti üçün avadanlıq sifariş edir və avadanlıq 2021 ci ilin Fevral ayında şirkətə çatdırılır. Avadanlıq istifadəyə verilməzdən öncə avadanlığın quraşdırılması və ixtisaslı texnik tərəfindən işləyib-işləmədiyini bilmək üçün test edilir.Test mərhələsi daxil bütün işlər Aprel ayında yekunlaşır. Və şirkət İyul ayında istehsal xəttini işə salır.

Bu nümunədə də baxmayaraq ki, avadanlığın istifadəyə verildiyi tarix (put into use) İyul ayıdır, amma istifadəyə hazır olma (available for use) Aprel ayı olduğu üçün amortizasiya hesablanması Aprel ayında başlanmalıdır.

Yazımı burada yekunlaşdırmaq istəyirəm. Növbəti və daha faydalı yazılarda görüşmək ümidilə…

Müşviq Bayramzadə.

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu site, istenmeyenleri azaltmak için Akismet kullanıyor. Yorum verilerinizin nasıl işlendiği hakkında daha fazla bilgi edinin.

Scroll to Top