LIFO (Last in First Out) metodu IFRS-də niyə qadağan edilmişdir?
Salam, dostlar. Bu gün sizlərlə 23-cü yazımı bölüşəcəm.
İstərdim Advanced IFRS mövzusunun IAS 2 Inventory standartı ilə bağlı kiçik bir yazılı hissəyə toxunum. Çalışacam ki, mövzunu maksimum lakonik və başa düşülən formada izah edim.
Öncədən qeyd edim ki, hesab edirəm ki, bəşəriyyətin yaratdığı ən mükəmməl sual sözü NİYƏ (WHY?) sözüdür. Bunu ona görə deyirəm ki, həqiqətən nəyisə öyrənmək istəyiriksə NİYƏ sualına cavab verməliyik. Nümunə ilə göstərim nə demək istədiyimi. Məsələn, soruşsalar ki, amortizasiyanın neçə növü var, əksər adam cavab verəcək ki, 4 növü var. Mənə görə bunu hər kəs öyrənə bilər və bu həqiqi öyrənmə deyil. Amma gəlin sualı dəyişim. Heç düşünmüsüz ki, NİYƏ amortizasiyanın 4 növü var?
Mövzunu və izahımı da bu konteksdə quracam. Sual versələr ki, mal-materialların satışı zamanı maya dəyərini və müvafiq olaraq anbar dəyərini hansı dəyərləndirmə metodları ilə edirsiz?
Gəlin bu suala cavab verməyə tələsməyək. Çünki sualın hansı qayda və ya standarta əsasən verilməsində də önəm var:
1. Bizim vergi məcəlləsi nöqteyi nəzərdən soruşulsa cavab: VM 139-cu maddəyə əsasən həm FİFO həm də AVCO metoda icazə var.
2. Əgər sual 2003-cü ilə qədər IFRS nöqteyi-nəzərdən soruşulursa cavab: həm FİFO, həm LİFO həm də AVCO metoda icazə var.
3. Əgər sual 2003-cü ildən sonra IFRS nöqteyi-nəzərdən soruşulursa o zaman sadəcə FİFO və AVCO-ya icazə var. Çünki IFRS-ə görə LİFO qadağan edildi.
4. Əgər US GAAP (Amerikan standartı)-a görə sual verilsə cavab: həm FİFO, həm LİFO, həm də AVCO olacaq.
Yuxarıdakıları yazdıqdan və qısa giriş etdikdən sonra əsas sualıma keçid alacam. Sual versələr ki, IFRS hansı metoda icazə vermir, əminəm ki çoxunuz deyəcəksiz LİFO metoduna. Amma yenə də yuxarıdakı giriş sözümə qayıdıram. Bu suala belə cavab vermək çox asandır. Amma əsas sual LIFO metodu IFRS-də niyə qadağan edilmişdir?
- Axı NİYƏ bunu IFRS qadağan edib? Bəs 2003-cü ilə kimi hara baxırdı?))) Birdən birə nə oldu ki, dəyişdilər?
- Bu gün hələ də US GAAP LIFO-ya icazə verir. Doğurdanmı ingilislər amerikanlardan daha ağıllıdır? Necə olur ki, biri icazə verir biri yox.
Qısa qeyd: Təhsilimlə əlaqədar daha çox GAAP standartlarını öyrəndiyim üçün kiçik bir bilgi paylaşım. Amerikada belə bir qayda var ki, (Conformity Rule) əgər maliyyə hesabatlarını hazırlayanda FIFO metodunu seçmisizsə, Vergi Bəyannaməsini göndərəndə də FİFO metodu seçməlisiz. Yox əgər LİFO metodunu seçmisizsə, Vergidə də LİFO seçməlisiz.
Davam edək…
İndi isə gələk əsas məsələyə, dostlar. Sualın cavabı təbii ki, böyük bir tezis əsaslandırmasıdır. Və iqtisadi təhlil də burada rol oynayır. Amma təəssüf ki, o detallara gedə bilməyəcəm bu yazıda.
Niyə IFRS LIFO metodunu qadağan etdi, US GAAP -da isə hələ də icazə var sualının cavabı standartların FRAMEWORK-unda dayanan bir ifadə ilə bağlıdır.
IFRS – burada standartlar daha çox Balans Hesabatına önəm verir. Daha çox Balans Hesabatının doğruluğuna fokuslanır.
US GAAP – burada standartlar daha çox Mənfəət və ya Zərər Hesabatına önəm verir. Daha çox Mənfəət və ya Zərər Hesabatının doğruluğuna fokuslanır.
Bu yuxarıdakı bəyənatlara görə IFRS-də LİFO qadağan edilmişdir, US GAAP-da isə icazə var. Çünki LİFO metodu Mənfəət və ya Zərər Hesabatında satılan malın maya dəyərini daha doğru əks etdirir. Amma Balans Hesabatında mal-material dəyərini isə doğru əks etdirmir.
Amma FİFO metodu isə əksinə Balans Hesabatını doğru əks etdirir. Mənfəət və ya Zərər hesabatındakı satılan malın maya dəyərini doğru əks etdirmir.
Yuxarıda da qeyd edildiyi kimi. IFRS hər zaman Balans Hesabatını əsas götürdüyü üçün və LIFO metodu da Balans Hesabatını doğru əks etdirmədiyi üçün bu metod qdağan edilmişdir.
Dostlar mövzunu burada dayandıracam, ümid edirəm qeyd etdiyim bu məlumat faydalı olar. Bu çox geniş bir mövzudur. Amma niyyətim əsas məsələni vurğulamaqdır. NİYƏDƏ, NİYƏ?; WHYDA, WHY? )))
Növbəti qeydlərdə görüşənədək…
Müşviq Bayramzadə.