Saıam dostlar! Bu gün 22-ci yazımda Məhdudlaşmış Pulu Balans Hesabatında Göstərmək ilə bağlı qeyd etdiyim bir məlumatı sizlərlə bölüşəcəm. Məhdudlaşdırılmış Pul Vəsaiti (Restricted Cash) Balans Hesabatında Necə Əks Etdirilir?
Məhdudlaşmış Pul Vəsaiti, praktikada bir neçə beynəlxalq şirkətdə mürəkkəb formada qarşılaşdığım bir mövzudur. Bəli, düz anladız, hesabda pul var, amma bloklanıb…))… Amma bu bloklanma (pulumuz var amma istifadə edə bilmirik) bir neçə formada ola bilər. Bir neçə nümunə göstərib növbəti postlarda mövzunun qısa izahına keçəçəm:
Məhdudlaşmış Pulu Balans Hesabatında Göstərmək ilə bağlı 4 situasiya:
1. Bizim şirkətin mal təchizatı edən şirkətə uzun müddətdir borcu var. Bunu ödəmədiyimiz üçün qarşı tərəf ilk öncə bizə pretenziya göndərir. Daha sonra isə məhkəməyə verir. Və Məhkəmə qərarı əsasında bank hesablarımızda olan vəsaitlərə həbs qoyulur..
2. Dövlət orqanına (Allah qorusun) borc var və ödənişi icra edə bilmirik. Və yenidən hesaba həbs qoyulur.
3. Bir tenderda qalib gəlmişik. Və qarşı tərəfə deyirik ki, bizə müəyyən ödəniş et (avans deyək) işə başlayaq. Qarşı tərəf də bizdən avans qarantiyası (advance bond) istəyir. Amma bizə heç bir bank bu qarantiyanı vermir. Qarşı tərəf də qarantiya almadığına görə verdiyi avansın təyinatı üzrə xərclənməyəcəyindən ehtiyat edir. Və avansı şərtli (conditional) verir. Bizim hesaba pulu köçürür. Amma bu hesab escrow account olur. Yəni baxmayaraq ki, hesabda pul var amma istifadə edə bilməyəcəyik. (Belə yerdə deyiblər ki, arım var ha arım var, sən demə eşşək arısı imiş, biz də elə bilirik bal arısıdır )
4. Başqa bir nümunə. Yenə düşünün ki, tenderə girmisiz və xarici ölkədə fəaliyyət göstərirsiz. Bazarda goodwill tarixçəniz zəif olduğundan maliyyə institutları ilə o qədər də yaxşı əlaqəniz yoxdur. Təsəvvür edin ki, podratçı sizə avans ödəmək istəyir amma UniCredit Bankdan qarantiya tələb edir. UniCredit Bank da sizə bu qarantiyanı risk olduğuna görə vermək istəmir. Bu zaman Cash Cover termini ortaya çıxır. Yəni ki, bank sizə deyir ki, qarantiya məbləği qədər banka pul vəsaiti verin biz də sizə qarantiya verək. Yenə də bank hesabında pul var, amma istifadə edə bilmirsiz.
Yuxarıdakı nümunələri çox uzada bilərəm. Amma hamısı Restricted Cash mövzusudur. İndi bunu hesabatda bəs necə əks etdirəcəyik? Bunu pul vəsaiti kimimi göstərəcəyik? Pul vəsaitinin ekvivalntidirmi? Yoxsa başqa bir şeydirmi?
Giriş hissəni və mövzunun nədən ibarət olacağını ümid edirəm izah edə bildim. Növbəti qeydlərimdə isə artıq Məhdudlaşmış Pulu Balans Hesabatında Göstərmək ilə bağlı yazacam…
Mövzunun bir tık daha genişləndirilmiş versiyasını isə Məhdudlaşmış Pul Cash Flow-da Necə Əks Etdirilir? qeydinə daxil olub oxuya bilərsiniz.
Müşviq Bayramzadə.