Salam dostlar! Sizlərlə gəlirlərin uçotda əks etdirilməsi ilə bağlı paylaşım etmək istərdim.
Məsələyə keçməzdən öncə onu qeyd edim ki, əvvəllər gəlirlərin uçotda əks etdirilməsi IAS 18- Revenue standartı ilə əks etdirlirdi. IAS 18 IASB tərəfindən 1982-ci ildə hazırlanmış və 1993-cü ildən etibarən qüvvəyə minmişdir. Hal-hazırda isə bu standartın tətbiqi qüvvədən düşmüş və bu standartı 2018-ci ildən IFRS 15 – Revenue from contracts with customers əvəz etmişdir.
Mən bu standartlar arasında fundamental fərqlər və yeniliyin yaranma zərurəti kimi mövzulara toxunmayacam. Burada niyyətim bir məsələ üzərindən aradakı fərqlərdən sadəcə birinə toxunmaqdır.
Təsəvvür edək ki, XX şirkəti müştərisinə internet şəbəkə xidməti təklif edir və 2 illik müqavilə imzalayır. Müqavilə üzrə bu şirkətə müştəri tərəfindən aylıq olaraq AZN 2,000 ödəniş ediləcək. Şirkət bu xidməti satdığı zaman müştəriyə satış qiyməti (standing-alone price) AZN 500 olan mobil telefonu hədiyyə verir. Sual odur ki, gəlirin əks etdirilməsi zamanı IAS 18 və IFRS 15 arasında hansı fərq meydana çıxacaq?!
IAS 18-Revenue:
Burada pulsuz olaraq vermiş olduğumuz mobil telefonun gəlirlərin illər üzrə bölgüsündə heç bir təsiri olmur. Yəni pulsuz olaraq vermiş olduğumuz telefonun uçotu:
DR Satılan malın maya dəyəri (cost of goods sold) – azn 500
CR mal-material (inventory) – azn 500
Bu uçotdan görünür ki, biz anbardan malı silmiş oluruq və satış olmadığı üçün gəlir əks etdirmirik.
Müştəriyə 2 illik internet şəbəkə xidmətinin satışı üzrə isə uçot hər ilin sonu:
DR Debitor borc/pul vəsaiti – AZN 24,000 (2,000*12)
CR xidmət gəliri – AZN 24,000 (2000*12)
Növbəti ilin sonu da eyni yazılış verilir.
IFRS 15-Revenue from contracts with customers
Bu standartın tələbinə görə isə uçot fərqli cür əks etdiriləcək. Bu standartın tələbinə görə gəlirlərin tanınma kriteriyasında fərqli xidmət öhdəlikləri (performance obligations) bir-birindən ayrılır. Burada şirkətin 2 fərqli xidmət öhdəliyi mövcuddur. 1-ci öhdəlik mobil telefonu təmin etməlidir (pulsuz olsa belə). 2-ci öhdəlik isə internet şəbəkə xidmətinin təmin edilməsidir. Yeni standartın tələbinə görə gəlirlərin uçotda əks etdirilməsində pulsuz olaraq verilmiş mobil telefonun təsiri olacaq.
Uçota keçməzdən öncə hər bir xidmətin ayrı ayrılıqda dəyərinin tranzaksiya qiymətindəki xüsusi çəkisinə nəzər yetirək:
Mobil telefon – AZN 500
Internet şəbəkə xidməti – AZN 48,000 (2000*24)
Əgər telefonu da ayrıca satmış olsaydıq ümumi gəlirimiz AZN 48,500 olacaqdı ki, bunun da 1%-i (500/48,500=1% -yuvarlaqlaşdırmanı 1,03%-də saxlamadım) mobil telefonun payına düşür.
Amma biz mobil telefonu pulsuz verdiyimiz üçün bizim tranzaksiya qiymətimiz sadəcə AZN 48,000 (internet şəbəkə xidmətinin 2 illik gəliri) olacaq.
Buna görə də biz AZN 48,000-i 2 hissəyə bölməliyik. Çünki biz 2 xidməti yerinə yetiririk.
Mobil telefona düşən pay – AZN 480 (48,000*1%)
İnternet şəbəkə xidmətinə düşən pay – AZN 47,520 (48,000*99%) →illik 47,520/2=23,760
Bu zaman bizim gəlirlərin uçotu dəyişmiş olacaq:
1-ci ildə gəlir kimi AZN 24,240 (23,760+480) məbləğ tanınacaq.
2-ci ildə isə gəlir kimi AZN 23,760 məbləğ tanınacaq.
Ümid edirəm faydalı olacaq!
Müşviq Bayramzadə.