Hökumət qrantları necə uçota alınır?

Salam, dostlar!

Bu gün Sizlərlə sayca 16-cı yazımı paylaşıram. Karyeramda müəyyən işlərlə əlaqəli olaraq məqalə paylaşımlarında fasilələr yarana bilər. Bundan sonra zamanım olduqca yenidən yazılarımı davam etdirməyə çalışacam. Bu günkü yazımın mövzusu Qrantların Uçota alınması ilə bağlı olacaq.

Maliyyə Hesabatları (Financial Statements) hazırlanan zaman hesabatlarda əks olunan bir çox maddələri tənzimləyən spesifik IFRS-lər mövcuddur. Qrantların da uçota alınma qaydasını tənzimləyən xüsusi standart mövcuddur. Bu standart IAS 20 Accounting for Government Grants and Disclosure of Government Assistance-dir.

📍 Kiçik Haşiyə!

IAS 20 standartına keçid almazdan öncə kiçik bir haşiyəyə çıxım. Düşünürəm ki,bu haşiyə müəyyən qədər fayda yaradacaq. Başlayaq burdan ki, bütün IFRS-lərin tənzimlədiyi 4 təməl məsələ var. Bu 4 məsələni aşağıda qeyd etdikdən sonra IAS 20 standartına keçid alacam. Bütün IFRS-lərin əsasında dayanan məsələ maliyyə elementlərini (aktivlər,öhdəliklər,kapital,gəlir və xərc) necə:

  1. tanımaq,yəni necə uçota almaq (recognize)
  2. ölçmək,yəni hansı dəyərlə tanıyıq (measure)
  3. təqdim etmək,yəni hesabatlarda necə göstəriləcək (present)
  4. açıqlamaq,yəni lazım olduğu halda izahlı qeydlərdə nələri izah etmək (disclose)

Yuxarıda izah etdiyim 4 təməl yanaşma bütün standartlara aiddir. Bunu ona görə qeyd etdim ki, IAS 20 də Qrantlarla bağlı 4 əsas suala cavab tapmaq üçün formalaşan standartdır. Yəni,Qrantları necə uçota almaq (recognize),necə ölçmək (measure), necə hesabatda əks etdirmək (present) və nəhayət necə açıqlama vermək (disclose) lazım olduğunu bizə göstərir.

🎯 Terminologiya

Qrantlar və onların növlərinin uçotu barədə danışmazdan öncə gəlin IAS 20-də adı keçən 2 termini fərqləndirək.

Government Grant – bu fiziki formada şirkətə hökümət və digər təşkilati strukturlar tərəfindən müəyyən şərtlər daxilində monetar (pul şəklində) və qeyri-monetar şəklində edilən dəstəkdir. Yəni bizə hökümət ya pul verəcək,ya da natural formada nəsə verəcək.

Government Assistance – bu da şirkətə edilən dəstəkdir,amma natural formada olmur. Bu bir növ pulsuz alınan xidmətə bənzəyir, məsələn hökümət bizə pulsuz biznes modelləşdirmə məsləhəti verir.

Davam edək…

Terminləri də izah etdikdən sonra əsas məsələyə keçid alaq. (Bəzi Qrantlar IAS 20 ilə tənzimlənmir,amma mövzumuz o deyil deyə bu barədə söhbət açmayacam) Standarta əsasən 2 növ Qrant var.

  1. Aktivlərin alınması ilə bağlı qrantlar (Grants related to assets)
  2. Xərclərin ödənməsi ilə bağlı qrantlar (Grants related to expenditures)

Əsas məqamlara keçid alaq…

🎯 Aktivlərin alınması ilə bağlı (Grants related to assets) qrantların uçotu necə olur?

Biz müəyyən CAPEX xarakterli investisiya etdiyimiz zaman,məsələn hər hansı qurğu və ya avadanlıq aldığımız zaman hökumət bir stimullaşdırıcı addım kimi bu CAPEX-in müəyyən hissəsini ödəməyi öz üzərinə götürə bilər. Biz buna aktivlərin alınması ilə bağlı qrant deyəcəyik. Bu zaman standart bizə deyir ki, biz 2 cür bunun uçotunu apara bilərik. Yəni bizə seçim verir ki, aşağıdakı 2 metoddan birini seçməklə bu əməliyyatın uçotunu apara bilərik.

a) təxirəsalınmış gəlir metodu (deferred income)

b) aktivin dəyərindən azaltma metodu (deduct from the carrying amount of an asset)

Aktivlərin alınması ilə bağlı konkret nümunə üzərindən hər 2 metodun izahını qeyd edək…

Nümunə…

Deyək ki, ümumi dəyəri 100,000 Azn olan avadanlıq almaq istəyirik. Dövlət bizə bu dəyərin 40,000 Azn hissəsini qarşılayır. Bu avdanlığın 8 il faydalı istifadə müddəti var və şirkətin uçot siyasətinə əsasən amortizasiya bu klassifikasiyada düz xətt metodu (straight-line) seçilmişdir.

Nümunədən görünür ki, biz CAPEX xarakterli investisiya etmək istəyirik. Bu, aktivlərin alınması ilə bağlı qrant olduğu üçün yuxarıda da qeyd edildiyi kimi,2 metoddan birini seçməklə uçot apara bilərik. Elə isə hər 2 metodu nəzərdən keçirək və hansı metodun daha əhatəli olduğuna baxaq.

📝 Təxirə salınmış gəlir metodu (Deferred Income)

Biz bilirik ki, bizə verilən 40,000 Azn vəsait bizim gəlirimizdir. Amma iş burasındadır ki, biz həmin vəsaiti birbaşa gəlir kimi tanıya bilmərik. Bunun səbəbi ondadır ki,bu vəsait bizə müəyyən şərtlər daxilində verilir. Ən azından bu vəsaitə həmin avadanlığın faydalı istifadə müddəti ərzində sata bilməyəcəyimiz şərti (covenant) qoyulacağı düşünülür. Bütün bunları nəzərə alaraq bu metodla həm müxabirləşmələri qeyd edək,həm də maliyyə hesabatlarından çıxarışları əlavə edək.

1) Qrantın qəbul edilməsi

Dr pul vəsaiti (cash on hand or bank account) – 40,000

Cr təxirəsalınmış gəlir (deferred income or unearned income) – 40,000

2) Avadanlığın alınması

Dr avadanlıq (PPE) – 100,000

Cr pul vəsaiti (cash) – 100,000

3) Təsəvvür edək ki,il sonudur. Bu zaman biz təxirəsalınmış gəlirin (öhdəlik hesabı) 1 ilini gəlir kimi tanıya bilərik. Avadanlığın faydalı istifadə müddəti 8 il olduğu üçün bu təxirəsalınmış gəliri də 8 il müddətinə hissə-hissə gəlir kimi tanıyacağıq.

Dr təxirəsalınmış gəlir (deferred income) – 5,000 (40,000/8)

Cr qrant gəliri (income from grant)- 5,000

4) Əsas vəsaitin 1 illik amortizasiya xərci hesablanmalıdır.

Dr amortizasiya xərci (depreciation expense) – 12,500 (100,000/8)

Cr yığılmış amortizasiya (accumulated depreciation ) – 12,500

Yuxarıdakı müxabirləşmələri qeyd etdikdən sonra gəlin bunların nəticələrini Maliyyə Hesabatlarında əks etdirək.

Dr Pul vəsaiti (cash) 40,000

Cr Təxirəsalınmış gəlir (deferred income) 40,000

Dr Avadanlıq (PPE) 100,000

Cr Pul vəsaiti (cash) 100,000

Dr Təxirəsalınmış gəlir (deferred income) 5,000

Cr Qrant gəliri (income from grant) 5,000

Dr Amortizasiya xərci (depreciation expense) 12,500

Cr Yığılmış amortizasiya (accumulated depreciation) 12,500

Balans hesabatı (Balance Sheet)

Aktivlər (Assets) Məbləğ (Amount)

Pul vəsaiti (cash) (60,000)

Avadanlıq (PPE) 100,000

Yığılmış amortizasiya (accumulated depreciation) (12,500)

Net PPE 87,500

Öhdəliklər (Liabilities)

Təxirəsalınmış gəlir (deferred income) 35,000

Net Assets (Assets-Liabilities)* 52,500

Net assets-ləri hesablayan zaman gəlin pul vəsaitini nəzərə almayaq.

Mənfəət və ya Zərər (Profit or Loss) Məbləğ (Amount)

Qrant gəliri (income from grant) 5,000

Amortizasiya xərci (depreciation expense) (12,500)

Zərər (Loss) (7,500)

Bu metodu bitirdikdən sonra 2-ci metoda keçid alaq…

📝 Əsas vəsaitin dəyərindən çıxma metodu (Deduct from the carrying value of an asset)

Başlanğıcdan onu deyim ki,baxmayaraq ki standart bu metoda da icazə verir amma praktikada bu metodu tövsiyyə etmirəm. Bunun səbəbi analitik təhlillərdə və ratio analizlərdə (ROCE,Acid test,ROA,Solvency vəs.) problemlərin yaranmasıdır. Nə demək istədiyimi müxabirləşmələri bitdirdikdən sonra izah edəcəm. Zaman itirmədən bu metodla müxabirləşməni qeyd edək. Bu metodun adından da göründüyü ki, aldığımız qrantı 1-ci metoddakı kimi təxirəsalınmaz öhdəlik kimi deyil avadanlıqın dəyərindən azaltmaqla uçota alacağıq.

1) Əsas vəsaitin alınması

Dr Avadanlqı (PPE) – 100,000

Cr Pul vəsaiti (Cash) – 100,000

2) Qrantın qəbul edilməsi. Burada görürük ki,aldığımız qrantı avadanlığın dəyərindən azaldırıq.

Dr pul vəsaiti (Cash) – 40,000

Cr Avadanlıq (PPE) – 40,000

3) Avadanlığa amortizasiya hesablayırıq. Amma avadanlığın dəyəri artıq 60,000 olaraq görsənir.

Dr Amortizasiya xərci (Depreciation expense) – 7,500 (60,000/8)

Cr Yığılmış amortizasiya (Accumulated depreciation) – 7,500

Yuxarıdakı müxabirləşmələri qeyd etdikdən sonra gəlin bunların nəticələrini Maliyyə Hesabatlarında əks etdirək.

Dr Avadanlıq (PPE) 100,000

Cr Pul vəsaiti (cash) 100,000

Dr Pul vəsaiti (cash) 40,000

Cr Avadanlıq (PPE) 40,000

Dr Amortizasiya xərci (depreciation expense) 7,500

Cr Yığılmış amortizasiya (accumulated depreciation) 7,500

Balans hesabatı (Balance Sheet)

Aktivlər (Assets) Məbləğ (Amount)

Pul vəsaiti (cash) (60,000)

Avadanlıq (PPE) 60,000

Yığılmış amortizasiya (accumulated depreciation) (7,500)

Net PPE 52,500

Öhdəliklər (Liabilities)

Təxirəsalınmış gəlir (deferred income) 0

Net Assets (Assets-Liabilities)* 52,500

Mənfəət və ya Zərər (Profit or Loss) Məbləğ (Amount)

Qrant gəliri (income from grant) 0

Amortizasiya xərci (depreciation expense) (7,500)

Zərər (Loss) (7,500)

📍 Qısa İzahat!

Yuxarıdakı hər 2 metodun yekun nəticələrinə (həm net assets 52,500 həm də net loss (7,500)) baxsaq görərik ki,hər 2 metodda eyni nəticələri almışıq. Amma problem ondadır ki,2 ci metodda biz həm hökümətin bizə verdiyi pulu öhdəlik kimi görə bilmirik,həm də mənfəət zərərdə gəlir tərəfdə vəsaiti görə bilmirik. Bir analitik olaraq da bunu doğru hesab etmirəm və Offsetting prinsipinə zidd olduğu düşüncəsindəyəm.

Yuxarıda da qeyd etdiyimi kimi, qrantların 2-ci növü xərclərin ödənməsi ilə bağlı (Grants related to expenditures)-dır. Amma məqalənin kifayət qədər uzun olduğunu nəzərə alıb bununla bağlı məqaləni növbəti yazıda paylaşmağı düşünürəm.

Faydalı olması diləyi ilə…

Müşviq Bayramzadə.

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu site, istenmeyenleri azaltmak için Akismet kullanıyor. Yorum verilerinizin nasıl işlendiği hakkında daha fazla bilgi edinin.

Scroll to Top