Salam,dostlar. Bu yazım Sizlərlə yeni çıxmış standartlardan biri – IFRS 15 Revenue from contracts with customers barəsində olacaq.
Yazıya keçməzdən öncə bəzi məqamları qeyd edim ki, standartın yaranma zəruriliyi barədə fikir formalaşsın. Bu gün dünyanın əksər ölkərində ya tam olaraq ,ya da qismən olaraq IFRS qəbul edilmişdir. Amma bu standartların ən böyük rəqibi olan US GAAP-lə tez-tez rastlaşırıq (ya adını eşitmişik ya da ki,praktikada kimsə rastlaşıb). Bu 2 standart arasında qısa olaraq fundamental fərqləri qeyd etdikdən sonra IFRS üzərindən əsas mövzuya keçid alacam.
IFRS prinsiplərə əsaslanan (principle based) standartlar toplusudur və IASB ( Location: Birləşmiş Krallıq – İngiltərə) adlı təşkilat tərəfindən hazırlanır. US GAAP isə prinsiplərə deyil qaydalara əsaslanan (rule based) standartlar toplusudur və FASB ( Location: Amerika ) adlı təşkilat tərəfindən hazırlanır.
Prinsiplərə əsaslanma (principle based) və Qaydalara əsaslanma (rule based)nə deməkdir?
İlkin olaraq IFRS –lə başlayıb sonra US GAAP-lə davam edəcəm. Daha sonra isə yeni standartın – IFRS 15 Revenue from contracts with customers həm IFRS həm də US GAAP arasında əlaqəsini qurmağa çalışacam…
Bütün IFRS-lərin əsaslandığı bir prinsiplər toplusu var ki,buna da Conceptual Framework deyilir. Yəni hər hansı yeni standart çıxdığı zaman Conceptual Framework-də olan prinsiplərə zidd olmamalıdır. İndi burada çox önəmli məqam ortaya çıxır… Bütün IFRS-ləri oxuduğumuz zaman görəcəyik ki,müəyyən prinsiplərə əsaslanma bizə bir çox subyektivlik verir. Nə demək istəyirəm?!… Biraz daha anlaşılan olsun deyə,nümunə üzərindən yazıma davam edim.
IAS 16-dan çıxarış:
Əsas vəsaitlərlə bağlı təmir xərcləri çəkdiyimiz zaman (red:major overhauls) biz bilirik ki,bu xərclənən vəsait ya xərc kimi uçota alınıb mənfəət və ya zərər haqqında hesabatda əks olunacaq,ya da əsas vəsaitin dəyərinə əlavə edilib amortizasiya ediləcək.
Qeyd: Amortizaasiya qaydası Compleks əsas vəsaitlərdə (Complex asstes)) fərqli şəkildə aparılır. Qismət olsa nə vaxtsa Complex asset-lərlə bağlı da yazı paylaşacam. Əsas mövzunu davam etdirim…
Yuxarıda qeyd etdiyimiz kimi, ya biz əsas vəsaitin dəyərini artırmalıyıq ya da ki,həmin vəsaiti xərcə silməliyik. Daha sonra standart davam edərək qeyd edir ki, biz aşağıdakı hallardan hər hansı biri ödənərsə biz o zaman həmin məbləği aktivin dəyərinə əlavə edə bilərik:
- ya həmin məbləğ əsas vəsaitin istehsal gücünü (production capacity) artırmış olmalıdır
- ya da ki əsas vəsaitin faydalı istifadə müddətini əhəmiyyətli dərəcədə artırmalıdır (1 il artıracaqsa əsas vəsaitin üzərinə gəlməyə ehtiyac yoxdur)
Haşiyədən kənar! Fikir versəz çox zaman mötərizədə və ya mötərizəsiz ingilis dilində terminlər istifadə edirəm. Niyyətim ingilis dilini bildiyimi nümayiş etdirmək deyil. Onları ona görə yazıram ki, kimsə daha detallı araşdırma etmək istəsə, Google-da həmin terminlərdən istifadə edə bilsin. Acı da olsa reallıqdır ki,doğma dilimizdə axtarış edəndə istədiyimiz nəticəni ala bilmirik… Yoxsa niyyətim dil biliyimlə qürurlanmaq deyil, sadəlik hər zaman gözəldir…
Əsas vəsaitin dəyərini artırıb artırmamaqla bağlı standart bizə 2 prinsip qeyd etdi,amma reallıq odur ki,bizə subyektivlik verir. Biz qərar verəcəyik ki, əsas vəsaitin kapasitəsi artmışmı sayılır ya yox,ya da ki,faydalı istifadə müddəti artmışmı sayılır ya yox. (Şirkəti audit etdirən zaman mütləq bu 2 faktoru təsdiq edəcək bir sənəd istəyəcək)
Amma Vergi Məcəlləsini oxuyanlar bilir ki,orada 115-ci maddədə *Təmirlə bağlı xərclərin gəlirdən çıxılması* ilə əlaqəli prinsiplər yox konkret qaydalar (rule based) var və faiz normaları daxilində məhdudlaşdırmalar var. Bu izah bizi US GAAP-a aparır. Bax təxminən US GAAP də belədir. Orada da konkret qaydalar üzərindən hərəkət edilir. Ona görə də Amerikada US GAAP tətbiq edilın şirkətlərdə mühasib olmaq üçün çox oxumaq lazım olur ki,bütün qaydaları biləsən…
Ümid edirəm yuxarıdakı yazı US GAAP və IFRS arasındakı fundamental fərqlərin kiçik bir hissəsini izah edə bildi. İndi sual yaranır ki,bu qədər yazının yeni standart olan IFRS 15-Revenues from contracts with customers-lə nə əlaqəsi var?!
Doğru təxmin edirsiz,bu standart yeganə 2 standartdan biridir ki, IASB (IFRS-i yaradan təşkilat) və FASB (US GAAP-i yaradan təşkilat) birlikdə yaradıb. Digər ortaq yaranan standart isə lizinqlə bağlı standartdır – IFRS Lease.
Bu ortaqlığın səbəbi bəs nə idi? Nə zərurət yaratdı ki,hər 2 təşkilat birləşib bir standart yaratsın?
Yuxarıdakı uzun yazımın da əsas məqsədi bu idi ki, US GAAP və IFRS arasında fərqlər olduğu üçün nəyisə uçota alanda da rəqəmlər fərqlənəcəkdi. Təsəvvür edin investorsuz 2 fərqli şirkətə investisiya yatırmaq istəyirsiz. Şirkətlərdən biri US GAAP tətbiq edir digəri isə IFRS. Rəqəmlərin fərqli olmağı bir yana bu rəqəm elə bir rəqəmdir ki, şirkətin gəlirlərinin uçotundan söhbət gedir. 2 şirkətin gəlirləri fərqli şəkildə təqdim edilə bilindiyi üçün qərara alındı ki,ortaq bir standart yaradaq,bu həm US GAAP-da həm də IFRS-də eyni olsun. Məhz IFRS 15 o standartlardan biridir.
İndi sual yaranır ki:
- Bu standart ortaq olaraq 2018-ci ilin 1 yanvarından tətbiq edilirsə bəs bundan əvvəl IFRS-lə uçot aparan müəssisələr hansı standartı tətbiq edirdilər?
- Bu standart hansı yeniliklər gətirdi? ( Bu uzun bir mövzu olduğu üçün hissələrə bölüb qrupda paylaşacam)
1-ci sualın cavabı odur ki,bundan əvvəl gəlirləri uçota alan zaman IAS 18 tətbiq edilirdi. Burada bir çox çatışmazlıqlara görə standart ləğv edildi. Bundan sonra gəlirlərin uçotu IFRS 15 lə tənzimlənəcək. Əlavə olaraq onu da qeyd edim ki,tikinti sektorunda gəlirlərin uçotu bir az fərqlidir,buna görə də tikinti sektorunun özünəməxsus gəlirlərin tanınması standartı var idi – IAS 11 Construction Contracts. Niyə var idi dedim?! Çünki artıq bu standart da ləğv edildi və IFRS –lə tənzimlənir.
Bəs yazının başlanğıcı olan #Gəliryoxsaöhdəlik necə oldu? Bu mövzunun IFRS –lə nə əlaqəsi?
Burada vasitəçilərin (agent) uçotunun aparılma qaydasından gedir. Bəsit səslənsə də müəyyən praktiki situasiyalarda necə uçot aparılmasını paylaşacam. Buna principle agent accounting deyilir. Amma bu mövzunu bu yazıda paylaşıb Sizi yormaq istəmirəm…
Faydalı olması diləyi ilə, növbəti yazılarda görüşmək ümidi ilə…
Müşviq Bayramzadə.