Düz xətt metodu yoxsa Azalan qalıq metodu?

Salam dostlar, bu yazım əminəm ki, hamınızın yaxşı bildiyiniz bir mövzu barədə olacaq. Amma məsələyə biraz fərqli prizmadan baxmağa çaılaşacam. Uzun bir yazı olsa da axıcılığı və anlaşılan olmasını təmin etməyə çaılşacam. Elə isə gəlin başlayaq…

Bilirik ki, əsas vəsaitləri amortizasiya (depreciation and amortisation) terminlərini birləşdirib yazıram. Çünki doğma dilimizdə bu terminlərin hər ikisi eyni cür istifadə edilir) etmək lazımdır. İlk öncə baxaq ki, amortizasiya nə olan bir anlayışdır. Çox hallarda müzakirələrdə rastlaşdığım hallar olur ki, amortizasiyanın nə olduğunun izahı köhnəlib dəyərdən düşmə (1) və yeni aktivin alışı üçün fond (2) kimi izah edilir.(başdan qeyd edim ki,kimsənin bilgisini aşağılamaq kimi niyyətim olmayıb heç zaman,sadəcə bəlkə düşüncələrim faydalı olar deyə paylaşmağa çalışıram) Amma baxaq ki,bu izahda çatışmayan tərəflər nələrdir.

  1. Köhnəlib dəyərdən düşmə – əgər amortizasiya aktivin köhnəlib dəyərdən düşməsini izah etmiş olsaydı bu zaman heç bir aktivin bazarda dəyəri artmamalı idi. Normal iqtisadi mühitdə (competitive market nəzərdə tuturam, oligopoly kimi mühitlərə fokuslanmaq istəmirəmbilirik ki, aktivlərin bazar dəyərində artım ola bilir. Yəni balansda qalıq dəyər (Carrying value = Cost – accumulated depreciation – impairmentkimi göstərdiyimiz aktivin real bazar dəyəri fərqli olur. Əgər amortizasiya dəyərdən düşməni göstərmiş olsaydı o zaman aşağıdakı hallardan 1-i və ya hər 2-si baş verməzdi:

a) aktivin heç zaman bazar dəyəri artmazdı

b) aktivin qalıq dəyəri ilə balans hesabatındakı dəyəri fərqlənməzdi

Bu arqumenti cavabladıqdan sonra vaxt itirmədən növbəti arqumentə keçid alaq.

2.Yeni aktivin alışı üçün fond – bəzən isə amortizasiya istifadə edilən aktivin yenilənib başqası ilə əvəz olunması üçün bir fond olduğu kimi izah edilir. Əslində bu izahla 1-ci arqument arasında bir korrelyasiya (əlaqə) var. Çünki əgər amortizasiya bir yığım fondu kimi izah oluna bilinsəydi onda belə nəticəyə gəlinməli idi ki, biz fonda yığdığımız pulla yeni bir aktiv ala bilməli idik. Amma bazarda o qədər faktor var ki, o fonddakı vəsaiti aktiv alına bilinməsi real səslənməzdi. Yəni orada yığılan pulla yeni aktivin dəyəri üst-üstə düşməzdi.

Daha dərinə gedib zaman itirmək istəmirəm, həm də əsas mövzudan kənarlaşmayıb sadəliyi qoruya bilim…

Elə isə keçid alaq əsas izaha. Bilirik ki, əsas vəsaitlər IAS 16- Property,Plant and Equipment standartı ilə tənzimlənir. Bu standarta əsasən qeyd edilir ki, amortizasiya elə bir xərc elementidir ki, aktivin faydalı istifadə müddəti (useful life) ərzində aktivin dəyərinin həmin müddət ərzində bölüşdürülməsidir. Yəni bzim niyyətimiz aktivin dəyərini birbaşa xərcə deyil, məhz faydalı istifadə müddəti ərzində xərcə silməkdir. O zaman sual yaranır ki, biz niyə belə edirik? Nədir bunun arxasında dayanan məntiq və bu məntiqin amortizasiya metodları arasında bir əlaqəsi varmı?

İndi isə başlayaq bu suala cavab tapmağa…

Biz aktivi aldığımız zaman onun bizə müəyyən period ərzində fayda verəcəyini düşünürük. Demək ki,bu aktivdən biz gəlir qazanırıq (burada həmin aktivin gəlir gətirmə rolunu icra etdiyini fərz edirəm ki, daha anlaşılan olsun). Əgər bir gəlir varsa təbii ki,bununla bağlı müəyyən xərclər olmalıdır. Biz həmin xərcləri bu xərclər hesabına qazanmış olduğumuz gəlirlərlə eyni periodda tanımalıyıq ki müqayisəlilik qorunsun. Buna Matching prinsipi deyilir. Bəli məhz bu prinsip bizdən amortizasiyanı bu şəkildə tanımağı tələb edir… Biraz anlaşılmaz səslənsə də bir nümunə üzərindən izah edim ki, daha aydın olsun…

Biz təsəvvür edək ki, satış üçün müəyyən mal alırıq. Deyək ki,bu malı may ayında almışıq. Bu aldığımız malı isə iyun ayında satmışıq. Əgər mən may ayında almış olduğum malı həmin tarixdə xərcə silsəm və satış gəlirini isə iyun ayında tanısam başa düşə bilməyəcəm ki, bu aktivin satışından mən nə qazandım.. Matching prinsipi bizdən tələb edir ki, gəlirlə həmin gəlirin əldə edilməsinə çəkilən xərc eyni dövrdə tanınsın…

Deməli biz əsas vəsaitdən də fərqli periodlarda fərqli şəkildə fayda qazandığımız (gəlir əldə etdiyimiz) üçün həmin gəlirlərin əldə edilməsinə çəkilən xərclər (amortizasiya) eyni dövrdə tanınmalıdır.

Məhz bu izah bizi artıq 2-ci bir istiqamətə götürür. Bu istiqamət amortizasiya metodlarıdır. Axı niyə fərqli-fərqli metodlar olsun ki?!

Qeyd: Amortizasiyan;n 4 metodu olsa da bunlara çox fokuslanmasam da adlarını qeyd etmək istəyirəm.

  1. Düz xətt metodu – Straight Line
  2. Azalan qalıq metodu – Declining or Reducing balance
  3. Maşın saatı metodu – Units of Production
  4. İllərin cəmi metodu – Sum of digits

İndi gələk bu məsələyə ki, niyə bu qədər metod var? Mövzumuz ilk 2-si üzərində olduğu üçün bu 2 metod üzərindən izaha davam edəcəm.

Düz xətt metodu – Straight Line

Bu metodu tətbiq etdiyimiz zaman hər ilin amortizasiya xərci eyni olur. Düstura baxsaq bunu aydın şəkildə görə bilərik.

İllik amortizasiya= (İlkin dəyər- ləğvetmə dəyəri)/ faydalı istifadə müddəti

Qayıdırıq yenidən yuxarıda qeyd etdiyim məsələyə. Qeyd etdik ki, biz aktivdən fərqli dövrlərd fərqli şəkildə faydalar alırıq. Biz düz xətt metoduna baxdığımız zaman hər il eyni amortizasiya xərcinin olduğunu görürük. Demək ki,biz bu metodu o zaman tətbiq edirik ki,həmin aktivin hər il bizə eyni şəkildə fayda verəcəyini düşünürük. Məhz bu səbəbdəndir ki,çox şirkətlərdə mebellər bu metodla amortizasiya edilir. Faylları saxladığımız şkaflara nəzər yetirsək bizim üçün demək olar ki, hər il eyni faydalılığa malikdir.

Bununla fikrimi çatdıra bildiyimi düşünüb növbəti metoda baxaq…

2. Azalan qalıq metodu – Declining balance

Bu metodun hesablanma formuluna baxsaq görərik ki, əvvəlki illərdə daha çox xərc tanıyırıq,daha sonrakı illərdə isə xərclər aşağı düşür.

Formula: Qalıq dəyər*faiz dərəcəsi

Bu zaman isə deməli əvvəlki illərə daha çox xərc tanıyıb sonrakı illərdə daha az xərc tanıyırıqsa bəs bu gəlirlilik nöqteyi-nəzərdən hansı anlama gəlir?! Doğrudur,demək ki biz düşünürük ki,həmin aktiv əvvəlki dövrlərdə bizə daha çox fayda gətirir və gəlir çox olur,daha sonrakı periodlarda isə gəlirlilik aşağı düşür.

Heç təəccüblü deyil ki, nəqliyyat vasitələrini azalan qalıq metodu ilə amortizasiya etmək daha doğru qəbul edilir. Çünki, əvvəlki illərdə daha çox faydalılıq və daha çox amortizasiya xərci olur,sonrakı dövrlərdə isə həm gəlirlilik və müvafiq olaraq da amortizasiya xərci aşağı düşür.

Qeyd: Amortizasiya metodları IAS 8-ə əsasən uçot siyasəti və retrospektiv tətbiq ilə əlaqəsi yoxdur. Bunun nə demək olduğunu növbəti yazılarda paylaşacam.

Bütün bunları tamamlamaq istəyirəm. Amma yəqin ki,diqqətinizi bir məqam çəkdi. Azalan qalıq metodunda faiz dərəcəsi var. O dərəcni biz hardan bilirik?! (Qrupda ACCA tələbələri varsa bunun məsələ həllərində verildiyini görüblər. Amma praktikada elə deyil. Biz özümüz o faiz dərəcəsini müəyyən etməliyik)

Yazı çox uzun oldu deyə burada bu yazını tamamlamaq istəyirəm. Növbəti yazılarda azalan qalıq metodundakı faiz dərəcəsinin neçə olduğunu tapmağı sizə qeyd edəcəm (Biraz CFA mövzusuna girmiş olacam). Bu arada vergi məcəlləsində öyrəşmiş olduğumuz faiz dərəcələri (məsələn: binalar üçün 7%-ə qədər) də öz özündən ortaya çıxmayıb. Arxasında bir hesablama dayanır…

Zamanınızı ayırıb oxuduğunuz üçün təşəkkürlər. Faydalı olması diləyi ilə…

Müşviq Bayramzadə.

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu site, istenmeyenleri azaltmak için Akismet kullanıyor. Yorum verilerinizin nasıl işlendiği hakkında daha fazla bilgi edinin.

Scroll to Top