Bank kreditlərinin faiz xərclərini necə uçota alaq?

Salam dostlar, bu gün toxunacağım mövzu bank kreditlərinin faizlərinin uçotda əks etdirilməsidir. Gəlin ilk öncə baxaq ki, bankdan cəlb edilmiş vəsait hansı maliyyə hesabatının elementidir?! Bəlkə də o qədər öyrəşdiyimizdən dolayı avtomatik olaraq bankdan götürdüyümüz vəsaitlərin öhdəlik olduğunu düşünürük?!

Biraz incələyək…

2018-ci ilin 1 yanvar tarixindən etibarən qüvvədə olan yeni bir standart çıxdı. Bu standart çox çətin bir standart olması ilə bərabər maliyyə sektorunda çox yeniliklərə səbəb oldu, hətta derivativlərin (forward,futures, options və swaps) belə uçotda əks etdirilməsinə başlanıldı. İlk baxışdan düşünə bilərsiz ki,bank krediti hara IFRS 9 – Financial Instruments hara… O zaman davam edək. Məhz bank kreditləri də IFRS 9-un mövzusu olduğu üçün bu standart önəmlidir. Bu standarta əsasən biz öhdəlikləri 2 qrupa bölürük. 1-ci qrup öhdəliklər maliyyə öhdəlikləri (financial liabilities),2-ci qrup öhdəliklər isə qeyri-maliyyə öhdəlikləri (non-financial liabilities) adlanır. Standarta əsasən maliyyə öhdəlikləri o öhdəliklər sayılır ki, həmin öhdəliklər müqavilə öhdəlikləri sayılır və icrası mütləq şirkətdən pul vəsaitinin və ya onun ekvivalentinin çıxması ilə nəticələnəcək. Amma qeyri-maliyyə öhdəliklərində bu proses baş vermir. İlk baxışdan anlaşılmaz cümlə olsa da, bir nümunə üzərindən baxaq. Məsələn, bank krediti, kreditor borclar bizim üçün maliyyə öhdəlikləri sayılır (financial liabilities) səbəb də ondan ibarətdir ki, bizim müqavilə üzrə öhdəliklərimiz var və bu öhdəliklərin icrası zamanı bizdən mütləq pul vəsaiti çıxacaq. Amma biz əgər qarşı tərəfdən avans almışıqsa bu da bizim üçün öhdəlikdir,amma bu maliyyə öhdəliyi sayılmır. Çünki biz bu öhdəliyi icra edən zaman bizdən pul vəsaiti deyil,mal çıxacaq. Çünki biz qarşı tərəfdən pul almışıq və ona mal və ya xidmət çatdırmalıyıq. Bu uzun yazıyı ona görə qeyd etdim ki, bank öhdəliklərinin bizim üçün hansı klassifikasiyaya aid olduğunu bilək və yeni standartla əlaqəsini qura bilək.

Məslənin digər tərəfi ondan ibarətdir ki, bu məbləğlə bağlı müəyyən period ərzində faiz ödənişləri icra etməliyik. Sadəlik olsun deyə, deyək ki annutet metoduna əsaslanan hər hansı effektiv faiz dərəcəsinə malik olan 5,000 AZN bankdan kredit götürdük və kreditin aylıq ödənişləri aşağıdakı kimi olacaq. (Sadəlik olsun deyə deyək ki krediti 3 aylıq götürmüşük). Ödəniş cədvəli aşağıdakı kimi olsun.

Ay Əsas məbləğ Faiz məbləği Cəmi məbləğ

1 1,646 63 1,709

2 1,667 42 1,709

3 1,687 22 1,709

Cəmi 5,000 127 5,127

Niyyətim hər zaman öyrənmək olub deyə (bilmədiyim o qədər şey var ki…) kimisə qınamaq,tənqid etmək kimi bir adətim olmayıb. Yanlış edildiyini düşündüyüm və əsaslandıra bildiyim şeyi isə qarşı tərəflə nazikcə paylaşmağa çalışmışam. Bu niyyətim üzərində qalaraq qeyd etmək istədiyim məqam bəzən bu kredit əməliyyatın müxabirləşməsinin aşağıdakı şəkildə edildiyini görmüşəm və ya eşitmişəm.

Dr pul vəsaiti (221/223) – 5,000

Cr qısamüddətli bank kreditləri (501) – 5,000

Burada müddət 3 aydır deyə mən qısamüddətli olaraq qeyd etmişəm. Müddətindən asılı olaraq 401 nömrəli hesaba da qeyd edə bilərsiz.

Müxabirləşmənin bu hissəsi ilə bağlı bir etirazım yoxdur.

QEYD!!! Kimsə diskontlaşdırma ilə bağlı etiraz edə bilər,amma mənim niyyətim diskontlaşdırma faktorunu və compounding hissəni burada nəzərə almıram ki,anlaşılan olsun.

Elə isə davam edək…

İndi sual ondan ibarətdir ki,bəs yerdə qalan faiz məbləğlərin necə edək? Yəni toplam olaraq banka 127 AZN ödəyəcəyimiz faizi necə edək? Yuxarıda qeyd etmək istədiyim məsələ elə bununla bağlıdır. Bunun uçotunu adətən belə yazırlar.

Dr gələcək hesabat dövrünün xərci №(242) – 127

Cr faizlər üzrə qısamüddətli kreditor borcları (№537) -127

Daha sonra isə hər ay sonu gəldikcə aşağıdakı müxabirləşmə qeyd edilir:

Dr faiz xərci – 63

Cr gələcək hesabat dövrünün xərci – 63

Gəlin əməliyyatın hər 2 tərəfini təhlil edək. Hər bir tərəfin təhlilinin yekununu açıq və ritorik sual kimi Sizlərə buraxacam.

Debit tərəf – Gələcək hesabat dövrünün xərcləri

Bu hesab bilirik ki aktiv hesabdır və mahiyyəti ondan ibarətdir ki, biz qarşı tərəfə deyək ki,12 aylıq jurnal abunə haqqı olan 12,000 pul ödəmişik. Bu əməliyyatın müxabirləşməsi aşağıdakı kimi olacaq.

Dr gələcək hesabat dövrünün xərcləri – 12,000

Cr pul vəsaiti – 12,000

Bu əməliyyata nəzər yetirsək sanki,gələcək hesabat dövrünün xərcləri bir debitor xarakteri daşıyır və qarşı tərəfin bizə xidmət öhdəliyi var. O xidməti bizə icra etməlidir.Deyək ki,1 aylıq jurnallarımız aldıq,yəni əsl xərc indi baş verdi. Bu zaman müxabirləşmə aşağıdakı kimi olacaq.

Dr jurnal abunə xərci – 1000

Cr gələcək hesabat dövrünün xərcləri – 1000

Sizə də qəribə gəldi elə deyilmi?! Axı biz bankdakı faiz xərclərini də gələcək dövrün xərcləri kimi yazdıq? Bankdan biz nə alacağıq? Bizə jurnal abunəsində olduğu kimi belə bir öhdəliyimi var? Təbii ki,xeyr… Burada məsələni dayandırıb mülahizələri sizə buraxıb növbəti əməliyyata keçid alıram.

Kredit tərəf- faizlər üzrə qısamüddətli borc öhdəliyi

Biz əməliyyatın digər tərəfində bütün gələcək dövrlərdə ödəməli olduğumuz faiz ödənişlərini öhdəlik kimi qeyd etmişik və bir tərəfdən də düşünürük ki,əla biz artıq hətt faizlər üzrə gələcəkdə nə qədər ödəməli olduğumuzun da uçotunu aparmışıq. Amma gəlin öhdəliyin tərifinə nəzər salaq. Conceptual Framework-də qeyd edilir ki,öhdəliyin 2 şərti var ki, onlardan birində qeyd edilib ki:

present obligation (cari borc) – yəni hal-hazırkı durumda sənin borclu olmana səbəb olan hadisə var. Sizə də elə gəlmirmi ki, bu məbləği biz gələcəkdə ödəməliyik və bəs birdən heç 3 cü ay gəlməmiş 1-ci ayın sonundaca krediti bağlasam mən hansı məbləği ödəyəcəm? Əlbəttə ki,yalnızca əsas məbləği və onun 1-ci aydakı faizini. Yəni cəmi 1 ay öhdəliyim var. Əgər belə durumdursa, o zaman bəs mən niyə indidən gələcəkdə bu cür qeyri-müəyyən olan öhdəliyi indi balansda əks etdirim ki?

Daha yaxşı olmazdımı ki,hər ayın sonunda aşağıdakı müxabirləşməni qeyd edək?! (Bu bəlkə də bir ritorikadır)

Dr faiz xərci – 63

Cr faiz öhdəliyi – 63

Buradaca yazımı sonlandırım…

Zamanınız ayırıb oxuduğunuz üçün təşəkkürlər. Faydalı olması diləyi ilə…

Müşviq Bayramzadə.

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu site, istenmeyenleri azaltmak için Akismet kullanıyor. Yorum verilerinizin nasıl işlendiği hakkında daha fazla bilgi edinin.

Scroll to Top