US GAAP və IFRS Niyə Fərqlənir?

US GAAP və IFRS Niyə Fərqlənir?

Salam dostlar, hər birinizi xoş gördük. Bu gün sizlərlə 26-cı qeydimi paylaşacam. Bu səfərki qeyd, Advanced Level IFRS mövzusundan çıxarışdır. Bu qeydimdə US GAAP və IFRS Niyə Fərqlənir?  Və ya IFRS və US GAAP arasında olan təməl fərqlər nələrdir? sualına cavab verməyə çalışacam. Və bir neçə nümunədə bu fikirlərimi əsaslandırmağa çalışacam.

İlk öncə başlayaq abreviaturalardan:

1. US GAAP:

US GAAP – United States Generally Accepted Accounting Principles. Burada vurğulamaq istədiyim kiçik bir məqam var ki, çox insana GAAP deyəndə elə başa düşürlər ki, bu Amerikanın uçot standartlarıdır. Amma GAAP sözünün qarşısındakı sözə (US) diqqət yetirmək lazımdır. Məhz həmin söz bizə hansı ölkənin GAAP-ından danışdığımızı bizə göstərir. Məsələn, UK GAAP, Japan GAAP və s. Bu o deməkdir ki, hər ölkənin özünün GAAP-ı ola bilər. Sadəcə Amerikan standartları daha məşhurdur deyə (S&P 500 şirkətlərinin 95%-i US GAAP istifadə edir) biz GAAP deyən kimi US GAAP düşünürük.

2. IFRS:

IFRS – International Financial Reporting Standards. Hər ölkənin GAAP-ı dedik var, bəs World GAAP nədir? Bəli bu IFRS-dir.

Bu yuxarıda izah etdiklərim sadəcə qısa bir giriş idi ki, haqqında danışacağımız məsələ ilə bağlı kiçik bir təsəvvürümüz olsun.

İndi isə keçid alaq əsas məsələyə. Hər zaman bizə deyiblər ki, US GAAP rule-based, yəni qaydalara əsaslanan standartlar toplusudur. Amma IFRS principle-based, yəni prinsiplərə əsaslanan standartlar toplusudur. Bu o deməkdir ki, US GAAP bizə subyektivliyi maksimum şəkildə yoxa çıxardır. Və icazə vermir ki, hər mühasibin bir fikri olsun. Konkret olaraq bizə qaydalar verir. Amma IFRS daha çox prinsiplərə əsaslandığı üçün hərə standartdan fərqli nəticələr çıxardır. Elə qeydimi də bu istiqamətdə davam etdirəcəm.

US GAAP və IFRS Niyə Fərqlənir? Deyə sual versək hansı nümunələri qeyd edə bilərik?

Yuxarıda vurğuladım ki, US GAAP konkret qaydalar qoyur. IFRS-də subyektivlik çoxdur. Nümunələr qeyd edək:

Nümunə 1. Ödənilmiş faizlər (interest paid) Cash Flow-da hansı fəaliyyət növünə daxildir sualı versək:

IFRS-ə görə faiz ödənişi ona görə olur ki, kimsə bizi maliyyələşdirib deyə həmin investora əsas məbləğlə birgə faizi də geri ödədiyimiz üçün bu maliyyə (financing) fəaliyyəti sayılır. Eyni zamanda IFRS-ə əsasən faiz ödənişləri həm də əməliyyat (operating) fəaliyyətinə aid ola bilər. Niyə belə deməsinin də səbəbi var təbii ki. Amma buna zaman itirmək istəmirəm.

US GAAP-a görə isə bizim belə bir subyektivliyimiz yoxdur və birmənalı olaraq ödənilən faizi yalnızca əməliyyat (operating) fəaliyyətinə aid edə bilərik.

Nümunə 2. Əldə edilmiş faizlər (interest received) Cash Flow-da hansı fəaliyyət növünə daxildir sualı versək:

IFRS-ə görə faiz əldə etmək ona görə olur ki, biz kimisə maliyyələşdirmişik. Yəni investisiya etmişik deyə əldə edilən faiz investisiya (investing) fəaliyyəti sayılır. Eyni zamanda IFRS-ə əsasən faiz əldə etmələrini həm də əməliyyat (operating) fəaliyyətinə aid ola bilər. Səbəbini isə hələki izah etməyə lüzum görmürəm.

US GAAP-a görə isə bizim belə bir subyektivliyimiz yoxdur. Və birmənalı olaraq əldə edilən faizi yalnızca əməliyyat (operating) fəaliyyətinə aid edə bilərik.

Nümunə 3. Əldə edilmiş dividendlər (dividend received) Cash Flow-da hansı fəaliyyət növünə daxildir sualı versək:

IFRS-ə görə dividend əldə etmək ona görə olur ki, biz hansısa şirkətin səhmlərini əldə etmişik. Yəni investisiya yatırmışıq və buna görə bizə dividend ödənilir. Deməli əldə edilən divinded investisiya (investing) fəaliyyəti sayılır. Eyni zamanda IFRS-ə əsasən dividend əldə etmələri, həm də əməliyyat (operating) fəaliyyətinə aid ola bilər.

US GAAP-a görə isə bizim belə bir subyektivliyimiz yoxdur. Və birmənalı olaraq əldə edilən divindendləri yalnızca əməliyyat (operating) fəaliyyətinə aid edə bilərik.

Nümunə 4. Ödənilmiş dividendlər (dividend paid) Cash Flow-da hansı fəaliyyət növünə daxildir sualı versək:

IFRS-ə görə dividend ödənişi ona görə olur ki, kimsə bizi maliyyələşdirib. Yəni səhmimizi əldə edib deyə həmin investora dividend ödədiyimiz üçün bu maliyyə (financing) fəaliyyəti sayılır. Eyni zamanda IFRS-ə əsasən dividend ödənişləri həm də əməliyyat (operating) fəaliyyətə aid ola bilər.

US GAAP-a görə isə bizim belə bir subyektivliyimiz yoxdur. Və birmənalı olaraq ödənilən faizi yalnızca maliyyə (financing) fəaliyyətə aid edə bilərik.

Təbii ki, yuxarıda qeyd etdiklərim sadəcə bəzi nümunələrdir. Amma əsas diqqət yetirdinizsə US GAAP konkret qaydalar qoyub, IFRS isə bizə müəyyən subyektivliklər verib. Real dünya şirkəti nümunəsi də qeyd edib, daha sonra nə demək istəyimi əsaslandıracam.

Nümunə 5. Araşdırma və Tədqiqat işləri (Research and Development) ilə bağlı çəkilən xərcləri necə uçota almaq lazımdır?

IFRS-ə görə Qeyri-maddi aktivlər kateqoriyasına aid olan araşdırma və tədqiqat işləri 2 hissəyə bölünür.

Kiçik qeyd! Bizim milli hesablar planında 101 nömrəli hesaba fikir versəz qeyri-maddi aktivlərdə bunun adı təcrübə və konstruktor xərcləri kimi qeyd olunur. Bilmirəm nə qədər uğurlu tərcümədir. Amma mən bunu araşdırma və tədqiqat xərci kimi adlandıracam.

Deməli IFRS deyir ki, Research hissə ilə Development hissəni ayırmaq lazımdır. Research hissəyə nə vəsait sərf edilibsə hamısı xərcə silinəcək. Yəni Mənfəət və ya Zərər hesabatında tanınacaq. Amma Development hissəni xərcə də silə bilərsən. Ya da müəyyən şərtlərin (PIRATE) şərtini ödəsə Balans Hesabatında qeyri-maddi aktiv kimi tanıya bilərsən. Mən bu detalları izah etməyəcəm ki, Research nədir, Development nədir və praktikada necə tətbiq olunur və s. Demək istədiyim odur ki, Development hissənin xərcdə və ya aktivdə tanınması yenə də subyektivlik yaradacaq.

US GAAP-a görə isə istər Research olsun istərsə də Development fərq etmir. Ancaq xərcə silə bilərsən. Beləliklə subyektivlik aradan qalxmış olur. Niyə belə yanaşma etməsi isə ayrı bir mövzudur.

Nəhayət real dünya şirkıtindən nümunə göstərərək fikrimi burada yekunlaşdıracam. Yəqin ki, hər biriniz Netflix şirkətini eşitmisiniz. Bu şirkət maliyyə hesabatlarını US GAAP əsasında hazırlayır. Bunu niyə qeyd edirəm, çünki IFRS əsasında hazırlamış olsa tam başqa mənzərə ortaya çıxardı. Netflixin maliyyə hesabatlarında (US GAAP ilə hazırlanıb) bəzi önəmli məqamlar:

  1. Şirkətin Mənfəət və ya Zərər haqqında hesabatına baxsaz xalis mənfəəti (net profit) 2-4% arasında dəyişir və davamlı olaraq şirkətin mənfəətli olduğu görsənir.
  2. Bu şirkətin əməliyyat fəaliyyətindən pul vəsaitinə baxsaz çox zaman mənfi rəqəm görəcəksiz.

İndi isə möhtəşəm sual: Necə olur ki, mənfəətlə fəaliyyət göstərən şirkətin əməliyyat fəaliyyətindən pul vəsaiti neqativdir?

Bu sualın da cavabı hesabatın hansı standart əsasında (US GAAP yoxsa IFRS) əsasında hazırlanmasıdır.

Yuxarıdakı sualın səbəbi: Səbəb ondan ibarətdir ki, Netflix filmlərin ortaya çıxması üçün kifayət qədər böyük vəsait xərcləyir. Və bu vəsaiti US GAAP kapitallaşdırmağı tələb edir. Kapitallaşdırmaq da o məna verir ki, bizim bu vəsaitlər Balans Hesabatında aktiv kimi görsənəcək. IFRS-ə görə isə bu vəsait xərcə də silinə bilərdi, kapitallaşa da bilərdi. Digər məsələ isə, pul vəsaitinə təsir faktorudur. Netflix kifayət qədər böyük pulları xərclədi, kino ortaya çıxması üçün. Biz bunu Pul Vəsaitinin hərəkəti haqqında hesabatda US GAAP-a görə ancaq əməliyyat fəaliyyətinə yazmalıyıq. IFRS-ə görə isə biz bunu investisiya fəaliyyətində qeyd etməli idik.

Nəticə də ondan ibarət olur ki, Netflix böyük vəsait xərcləyir və bu xərcə düşmür deyə şirkətin mənfəəti çox görsənmiş olur. Eyni zamanda həmin pulları əməliyyat fəaliyyətinə yazır deyə əməliyyat fəaliyyətinin yekunu neqativ rəqəm ola bilir.

Yekunlaşdıraq. Hansı standart daha yaxşıdır deyə təbii öz fikrim və yanaşmam var. Amma burada çatdırmaq istədiyim məsələ o deyil. Burada izah etmək istədiyim 2 əsas məsələ var:

1. Mütləq şirkətləri müqayisə edəndə hansı standart əsasında hazırlandığına baxın. Yoxsa müqayisəniz düzgün olmayacaq.

2. Rule-based və Principle-based arasında əsas fərqlər və nümunələri paylaşmaq istədim.

Ümid edirəm ki, faydalı olacaq. Vaxtınız varsa və əgər hələ yorulmamısızsa US GAAP və IFRS arasındakı əməliyyat icarəsi və uçot fərqləri mövzusunu da oxumağı məsləhət görərdim.

Müşviq Bayramzadə.

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu site, istenmeyenleri azaltmak için Akismet kullanıyor. Yorum verilerinizin nasıl işlendiği hakkında daha fazla bilgi edinin.

Scroll to Top