Salam dostlar. Sizlərlə 32-ci yazımda “Gələcəkdə alınacaq malların müqavilələrinin uçota alınması” haqqında bir qeyd paylaşmaq istəyirəm. Bu mövzu mənim praktikamda bir neçə dəfə rastlaşdığım mövzu olduğundan və bəzən çaşqınlıq yaratdığından aydınlıq gətirmək istədim.
Başlayaq. Gələcəkdə mal-material alışı ilə əlaqəli bağlanan müqavilə ilk baxışdan adi alqı-satqı müqaviləsinə bənzəyir. Və elə başa düşülür ki, IAS 2 standartının tələbinə uyğun olaraq uçot aparılmalıdır. Amma göründüyü qədər sadə deyil. İlk öncə gəlin gələcəkdə mal-material alışı ilə bağlı müqavilə nə deməkdir və belə müqaviləyə nə ehtiyac var məsələsinə baxaq.
Təsəvvür edin ki, beton istehsal edən bir müəssisəsiz və beton istehsalının da əsas tərkib hissəsi sementdir. Siz 1 yanvar 2023 tarixində sement satışını həyata keçirən bir şirkətlə müqavilə bağlayırsız ki, 6 ay sonra həmin şirkət sizə sement çatdırsın. Bunu 2 əsas səbəbə görə edirsiz:
1. Gələcəkdə sement alışı problemi ilə üzləşmək qorxusu və beləliklə beton istehsal edə bilməmək;
2. Sementin qiymətinin çox dəyişkənliyi (volatillik) qorxusu.
Buna görə də bu müqaviləni aşağıdakı şərtlərlə bağlayırsız:
a) 6 ay sonra sizə sement çatdırılmalıdır (physical delivery);
b) Sementin 1 tonu bazarın dəyişib-dəyişməməyindən asılı oımayaraq 600 $ olacaq.
Bu qısa girişi verdikdən sonra baxaq əsas suala. Bu müqavilə adi alqı-satqı müqaviləsi kimi uçota alınacaq və IAS 2 standatının tələbi yerinə yetiriləcək yoxsa burada IFRS 9 Financial Instrument standartının tələbi nəzərə alınacaq?
Bu suala birbaşa cavab vermək doğru olmazdı. Çünki cavab şərtlərdən asılıdır:
O halda IAS 2 tətbiq ediləcək ki, müqavilə aşağıdakı şərtlərlə bağlanılır:
1. Müqavilədə sabit bir qiymət şərti var ;
2. Mal gələcəkdə çatdırılacaq;
3. Mütləq mal fiziki çatdırılmalıdır. Malın əvəzinə başqa bir şey verilə bilməz – ən əsas şərt budur.
Nə demək istədiyimi izah edəcəm.
O halda IFRS 9 tətbiq ediləcək ki, müqavilə aşağıdakı şərtlərlə bağlanılır:
1. Müqavilədə sabit qiymət şərti var;
2. Mal gələcəkdə çatdırılacaq;
3. Malın əvəzinə qiymət fərqi pul kimi ödənə bilər (net cash settlement) – ən əsas şərt budur.
Yuxarıdan da göründüyü kimi, nə zaman IAS 2 və nə zaman IFRS 9 tətbiq olunacağı, 3-cü şərtdən asılıdır. Çünki 1-ci və 2-ci şərt eynidir.
İndi qayıdaq yuxarıdakı nümunəmizə:
Yuxarıda biz sement alışının müqaviləsini əgər aşağıdakı şərtlərlə bağlasaq, onda IAS 2 tətbiq ediləcək:
1. Sementin 1 tonunun qiyməti sabit olaraq 600 $ olsun. Yəni 6 aydan sonra biz sementi alanda,bu sement bazarda 700 $ da olsa biz yenə də 600 $ ödəyəcəyik.
2. Sement gələcəkdə çatdırılacaq,yəni 6 ay sonra biz bu sementi alacağıq.
3. Ən əsası isə 6 ay sonra müqavilənin vaxtı gələndə qarşı tərəf mənə deyə bilməz ki, sement vermirəm bəs gəl bazar qiymətinə baxaq. Misal üçün hal-hazırda bazarda $700-dür. Amma biz müqaviləni $600 ilə bağlamışıq. Mən sənə aradakı $100 fərqi verim, söhbəti bağlıyaq. Yəni belə şey ola bilməz. Və mal fiziki olaraq çatdırılmalıdır ki, IAS 2 tətbiq edilsin.
Bəs nə zaman IFRS 9 tətbiq edilir?
1. Sementin qiyməti yuxarıdakı kimi sabit olur. Məsələn tonu 600 $.
2. Gələcəkdə çatdırılma olacaq.
Qısacası IAS 2 və IFRS 9-un ilk 2 şərti eynidir. Son şərt isə IAS 2-dəkinin əksidir.
3. Gələcəkdə malın əvəzinə müqavilə dəyəri ilə bazar dəyəri arasındakə fərq bir birinə ödənə bilər.
Misal üçün 6 ay sonra malın dəyəri 800 $ olsa, satıcı alıcıya 200 $ ödəyəcək. Və beləliklə malə verməyə ehtiyac qalmır. Və ya əksinə bazar dəyəri 400 $ olsa, alıcı satıcıya 200 $ ödəyəcək.
Yəni əgər malın fiziki çatdırma şərti mütləqdirsə IAS 2, yox əgər malın çatdırılması mütləq deyilsə IFRS 9 tətbiq ediləcək.
Təbii ki, “Gələcəkdə alınacaq malların müqavilələrinin uçota alınması” geniş mövzudur. Və bir neçə digər faktorları da nəzərə almaq lazımdır. Amma izahın aydın olması üçün maksimum sadə qeyd etməyə çalışdım.
Qismət olsa bunların uçotunun necə olacağı barədə başqa bir qeyd paylaşacam.
Müşfiq Bayramzadə.